Bölgələrdə Silahlı Qüvvələrimizə dəstək tədbirləri

Masallı rayon Heydər Əliyev Mərkəzində son günlər cəbhə bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı tədbir keçirilib. Mərkəzin direktoru D.İbayeva, Masallı Dövlət Regional Kollecinin direktoru V.Nəzərov Azərbaycan Ordusunun rəşadətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən söz açıb, əsgərlərimizin qəhrəmanlığı ilə qürur duyduqlarını bildirib, şəhid olanlara Allahdan rəhmət diləyiblər.
Masallı rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə direktor Ə.Nəzərov, İnformasiya-resurs şöbəsinin müdiri Rasif Dadaşov ordumuzun qazandığı uğurlar haqqında məlumat veriblər. Bildirilib ki, erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqların həsrətini hər gün çəkir, vətənimizin ayrılmaz hissəsi olan Qarabağa qovuşmağı səbirsizliklə gözləyirik.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasında ordumuza dəstək aksiyası təşkil olunub. MKS-nin direktoru Nailə Əliyeva, Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Bahar Fətəliyeva, rayon Ağsaqqallar Şurasının sədri Mirağa Bağırov, H.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Mədəniyyət evinin direktoru Elyurə Məmmədova və başqalarının çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan xalqının ölkə Prezidentinin ətrafında sıx birləşərək düşmənə qarşı mübarizə aparmağa daim hazır olduğu vurğulanıb.
* * *
Şamaxıdakı M.Ə.Sabirin ev-muzeyində “Torpaqlarımızı düşməndən azad etməyə hazırıq” mövzusunda dəyirmi masa keçirilib. Ev-muzeyinin direktoru Rəqsanə Xəlilzadə, muzeyin elmi işçisi N.Cabbarova və baş fond mühafizi R.Mehdiyevanın çıxışlarında müzəffər ordumuzun şücaəti ilə torpaqlarımızın erməni işğalından tam azad ediləcəyinə inam ifadə olunub.
* * *
Hacıqabul rayon 13 saylı Qızılburun kənd kitabxana filialının təşkilatçılığı ilə kənddəki orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Nüsrət Rəhimov açaraq bildirib ki, biz gec-tez öz torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Qələbəmizin təməli aprel ayının 2-də qoyuldu. İndi bütün xalqımız qələbə ruhludur. Sonra əllərində üçrəngli bayraqlar, Qarabağa aid şüarlar tutmuş məktəblilər ədəbi kompozisiya təqdim ediblər.
* * *
Salyan rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda ümumtəhsil məktəblilərinin iştirakı ilə tədbir keçirilib. Mərkəzin əməkdaşı Türkan Tağıyeva çıxış edərək, erməni işğalçılarının cəbhədə təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirdiyini diqqətə çatdırıb. Sonda “Şəhidlər ölməzdir” adlı videoçarx nümayiş etdirilib.
* * *
Lerik rayonunda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən toplantıda İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov son günlər cəbhə bölgəsində gedən döyüşlər barədə məlumat verib. Bildirilib ki, ordumuz düşmənə layiqli cavab verərək bir neçə strateji yüksəkliyi azad edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev, Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov və digər çıxış edənlər rayon sakinlərinin Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır olduqlarını vurğulayıblar.
* * *
Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxananın kollektivi də cəbhədə baş vermiş hadisələrə öz münasibətlərini bildirmək üçün bir araya gəlib. MKS-nin direktoru Seyid Vahabov ordumuzun rəşadətindən və hərbi gücü barədə məlumat verib. Qeyd edib ki, Şəkinin Kiş kəndindən Orxan Hümmətov və Böyük Dəhnə kəndindən Vüqar Süleymanov son döyüşlərdə şəhid olub. Digər çıxışlarda vurğulanıb ki, torpaqlarımızın düşməndən azad edilməsinə qadir olan bir gəncliyimiz var.
* * *
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı məlumat günü də son günlər ön cəbhədə baş verən hadisələrə həsr olunub. Metodika-biblioqrafiya şöbəsinin metodisti Natəvan Axundzadə son günlərdə cəbhədə baş verən hadisələrdən söz açıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ordumuzun qələbə əzmindən danışıb. Şair Əşrəf Veysəlli, MKS-nin direktoru Yeganə Əhmədovanın çıxışları dinlənilib.
* * *
İmişli rayon Mərkəzi kitabxanasında təşkil olunan "Vətənimin müdafiəsinə hazıram" adlı hərbi-vətənpərvərlik mövzusunda tədbirdə Qarabağ müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər.
* * *
Ağstafa rayon MKS-də keçirilən cəbhədə şücaət göstərən igid hərbçilərimizə dəstək tədbirində Mərkəzi kitabxananın, şəhər 1 saylı kitabxana filialının və Uşaq şöbəsinin kollektivi iştirak edib. MKS-nin direktoru İ.Namazova, Xidmət şöbəsinin müdiri N.Əzizova və uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəssisi M.Rəhimovanın çıxışlarında Azərbaycan Ordusunun gücünə inam ifadə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar