Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilən 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü artıq bir neçə ildir ki, ölkəmizdə də qeyd olunur. Builki tədbirlər paytaxt Bakı ilə yanaşı, regionlarda da rəngarəngliyi ilə seçilib.

2016-cı il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şəkidə əlamətdar günlə bağlı seminar keçirlib.
Tədbir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Şəki Mədəniyyət Mərkəzində gerçəkləşib. Mərkəzin elmi katibi Hüseyn İbrahimov, Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, professor Kübra Əliyeva, Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, Şəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları çıxış ediblər.
* * *
Əlamətdar gün İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunda (Qax rayonu) da qeyd olunub. Ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri Sumuq qala və Ulu məscid, yerli əhəmiyyətli Bürc qalada “açıq qapı” günü keçirilib. İlisu kənd orta məktəbi şagirdlərinin bu məkanlara yürüşü təşkil olunub və onlara ərazidə yerləşən tarix-mədəniyyət abidələri haqqında geniş məlumat verilib.
* * *
Balakən rayonunda isə “Tariximizi öyrənək” başlığı altında silsilə tədbirlər, o cümlədən Tarix-Diyarşünaslıq Muzeyi, Minarəli məscid, Tülü türbəsi, Arılıqbinə məbədi, Qullar Alban məbədi, Hacı Murtuz qalası və Katex kəndində şose yolunun kənarında yerləşən Böyük səddin qalıqlarına tur təşkil olunub. Tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli yuxarı sinif şagirdləri, müəllimlər və ictimaiyyət nümayəndələrindən ibarət ekskursiyaçılara tarixi abidələr haqqında dolğun məlumat verib.
* * *
Şamaxı rayonunda yerli sakinlər, eləcə də Polşadan, Rusiyadan olan qonaqlar üçün ekskursiya təşkil edilib. Tarix-Diyarşünaslıq Muzeyi, Cümə məscidi tarixi memarlıq abidəsini, Yeddi Günbəz, Şaxəndan memarlıq abidələri, Şirvanşahlar sarayına məxsus qala divarları və S.Ə.Şirvaninin qəbirüstü abidəsi və digər məkanları ziyarət edilib.
* * *
Bərdədə “Tarixi abidələrimizi tanıyaq və tanıdaq” devizi altında tədbir keçirilib. Öncə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm dərnəyi üzvlərinin açıq havada çəkdikləri rəsmlərdən ibarət sərgi açılıb. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Validə Nabatova Bərdə rayonunda olan tarixi abidələr haqqında ətraflı məlumat verib, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində Bərdə türbəsinin yenidən bərpa olunduğunu diqqətə çatdırıb.
Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov regionda yerləşən zəngin tarixi abidələrin turizm potensialının inkişafında da mühüm rolu olduğunu qeyd edib. Bərdə Rəsm Qalereyasının direktoru Səbuhi Qasımov mədəniyyətimizin dünyada tanıdılması barədə məruzə ilə çıxış edib. Tədbir konsert proqramı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar