Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub. Dövlət başçısı hər iki rayonda aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, bir sıra obyektlərin açılışında iştirak edib.
Prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. İkimərtəbəli bina yüksək zövqlə təmir edilib. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Mədəniyyət sarayının iş, məşq, dərnək, rejissor və qrim otaqları müasir səviyyədədir. 270 nəfərlik zal səs və işıq effekti yaradan ən müasir sistemlə təchiz edilib. Mədəniyyət sarayında sərgi qalereyası da fəaliyyət göstərəcək. Binada 60 nəfərlik konfrans zalı və foto-laboratoriya yaradılıb. Sarayda yaradılan şərait rayonun mədəniyyət və incəsənət xadimləri üçün böyük hədiyyə olmaqla yanaşı, gənc nəsildə bu sahəyə marağı artıracaq.
Prezident İlham Əliyev Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Qəbələnin Yengicə kəndi ərazisində yerləşən hotel kompleksi 9 hektar sahədə inşa edilib. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli hotel kompleksi gözəl memarlıq üslubunda tikilib. Kompleksdə müxtəlif toplantıların keçirilməsi üçün geniş imkanları olan zal, restoranlar fəaliyyət göstərir.
Hoteldəki müxtəlif kateqoriyalı 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Nömrələr yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. “Qafqaz Yengicə Termal Hotel və SPA”da yaradılan şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.
Kompleksdə 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Hoteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və əksəriyyətini yerli kadrlar təşkil edir.
Hotelin əhəmiyyətini artıran mühüm cəhət burada müalicəvi su mənbəyinin olmasıdır. Hoteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçiriləcək.
Prezident Qəbələ Arxeoloji Mərkəzinin açılışında da iştirak edib. Mərkəzin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Burada həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərəcək.