Qax Dövlət Rəsm Qalereyasında səyyar sərgi

YARAT Müasir İncəsənət Məkanı iyulun 8-də Qax Dövlət Rəsm Qalereyasında “Zamanın izləri” adlı səyyar sərgi təşkil edib. Sentyabrın 10-dək davam edəcək sərgidə YARAT Müasir İncəsənət Məkanının daimi kolleksiyasında olan foto və video əsərlər nümayiş etdirilir.

Mərasimi YARAT Müasir İncəsənət Məkanının təmsilçisi Hökümə Kərimova açaraq “Zamanın izləri” adlı səyyar sərginin regionlarda ilk olaraq Qax rayonunda təşkil edildiyini, daha sonra bir neçə rayonda sənətsevərlərə təqdim ediləcəyini diqqətə çatdırıb.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdir əvəzi Dilarə Əzizova regionlarda belə sərgilərin təşkilinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ilk səyyar sərginin məhz Qax rayonunda təşkilinə görə YARAT-ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.
YARAT Müasir İncəsənət Məkanının direktoru və bədii rəhbəri Bjorn Geldhof çıxış edərək, Aida Mahmudova tərəfindən təsis edilmiş qurum haqqında məlumat verib. Səyahət etməyi xoşladığını, Azərbaycanın bir çox regionlarına səfər etdiyini vurğulayan Bjorn Geldhof Qaxın çox gözəl məkan olduğunu diqqətə çatdırıb. O, sərginin təşkilinə göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə və Qax Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Sərginin kuratoru Fərəh Ələkbərli qeyd edib ki, sərgidə azərbaycanlı, türk, gürcü və rus rəssamlarının video, foto və digər əsərlərindən ibarət kolleksiya nümayiş etdirilir. Bu kolleksiyada gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Məlumat verilib ki, ekspozisiyaya daxil olan əsərlər YARAT-ın daimi kolleksiyasına daxildir.
Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” adlı əsərlər silsiləsi yarımşəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın “Ekranlar” adlı əsərlər silsiləsində onun Rusiyadakı həyatının anları assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə təqdim olunur.
Fərid Rəsulovun “Ətalət” adlı video əsərində Qurban bayramı mərasimi, İlkin Hüseynovun “Rəngi xatırlayaraq” foto silsiləsində rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığı əks olunur. Zamir Süleymanov və Emin Əzizbəylinin “Astar” adlı qısametrajlı filmi bir gəncin gündəlik çayxana, əyləncə mərkəzləri, tozlu küçələr və tərkedilmiş çimərliklərdən ibarət həyatını göstərir. Koka Ramişvilinin “Çay, kofe və süd" videosunda da oxşar hisslər ifadə olunur.
Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Nevin Aladağın “Beş daş oyunu” rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim oyunu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü təsdiq edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar