Uzunömürlülər diyarı olan Lerik rayonunun ecazkar gözəlliyə malik olan guşələrinin birində yerləşən Daster kənd kitabxanasında təşkil olunan tədbirlər həmişə sakinlər tərəfindən maraqla qarşılanır. Bugünlərdə kitabxanada “Multikulturalizm ili” çərçivəsində “Azərbaycanın multikultural modeli” adlı tədbir keçirildi.
Kənd ziyalılarının dəvət olunduğu tədbiri kitabxananın müdiri Əminağa Əliyev açaraq ölkə rəhbərliyinin multikulturalizmə, tolerantlığa verdiyi dəyərdən, Azərbaycandakı milli-mədəni zənginliyin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışdı.
Kənd ziyalıları Hüseynağa Hüseynov, Natiq Cabbarov ölkəmizdə yaşayan milli azlıqların bir ailə kimi mehriban münasibətlərindən söz açdılar. Bildirildi ki, dövlət tərəfindən onlara diqqət və qayğı göstərilir, mədəniyyətlərinin inkişafına dəstək verilir.
Tədbirin bədii hissəsində Daster kənd məktəbi şagirdlərinin təqdim etdikləri “Dünya xalqlarının gülüş payı” kompozisiyası alqışlarla qarşılandı.
Zəfər Orucoğlu
Lerik rayonu