Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları İsmayıllı rayonunun İvanovka kəndində əhali ilə görüşüblər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı beynəlxalq multikulturalizm yay məktəbinin növbəti görüş yeri İsmayıllı rayonu olub.
İyulun 21-də əcnəbi tələbələr rayonda malakanların kompakt yaşadıqları İvanovka kəndində yerli əhali ilə görüşüblər.
Bildirilib ki, İvanovka kəndinin əsası 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Son statistikaya əsasən, kənddə üç min nəfərdən çox əhali yaşayır.
İvanovka Azərbaycanda yeganə kolxoz olan kənddir. Əsası 1930-cu ildə qoyulan kolxozda 1000-ə yaxın təsərrüfat qeydə alınıb. Təbii qida məhsulları və içkiləri ilə məşhur İvanovkada istehsal olunan bir çox məhsullar satış üçün respublikanın bir çox ərazisinə göndərilir. Kənddə istirahət günləri fəaliyyət göstərən diskoteka yerli sakinlərlə yanaşı, rayona gələn turistləri də cəlb edir.
İvanovka folklor qrupunun ifaları III beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tələbələr malakan gəncləri ilə çay süfrəsi arxasında səmimi söhbət aparıblar.
Günün ikinci yarısında tələbələrin və yerli gənclərin iştirakı ilə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində “Dünya ölkələrində multikulturalizm modelləri” mövzusunda dəyirmi masa keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qonaqları rayonda salamlamaqdan məmnun olduğunu bildirib və yay məktəbinin işinə uğurlar arzulayıb.
Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə artıq üçüncü dəfə təşkil etdikləri beynəlxalq multikulturalizm məktəblərinin əhəmiyyətindən söz açıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov və ABŞ-dan gəlmiş araşdırmaçı-jurnalist doktor Peter Teysin moderatorluğu ilə keçirilən dəyirmi masada fərqli multikulturalizm modelləri haqqında tələbələrə məlumat verilib. ABŞ və Azərbaycan multikulturalizminin müqayisəli təhlili, multikulturalizmin Kanada, Avstraliya modelləri, Cənubi Amerikada multikultural durum haqda verilən məlumatlar tələbələrin böyük marağına səbəb olub.