Proqrama bir-birindən maraqlı tədbirlər daxildir
Noyabrın 23-dən 27-dək Azərbaycanda Türkiyə mədəniyyəti günləri keçiriləcək. Mədəniyyət proqramına bir-birindən maraqlı tədbirlər daxildir.
Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslanın bildirdiyinə görə, qardaş ölkə ilk dəfə Azərbaycanda belə geniş proqramla mədəniyyət tədbirləri keçirir.
Mədəniyyət günlərinin açılış mərasimi noyabrın 23-də Heydər Əliyev Mərkəzində olacaq. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik çıxış edəcək. Sonra konsert proqramı təqdim olunacaq. Bədii hissədə əvvəlcə İstanbul Tarixi Türk Musuqisi Topluluğunun “Mehtər” qrupu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki “Səma” türk xalq rəqsləri ansamblı çıxış edəcək.
Mədəniyyət günlərinin ikinci günü, noyabrın 24-də Muzey Mərkəzində türk ustalarının əl işlərinin sərgisi açılacaq. Sərgidə gümüş, ebru, çiniçilik, naxış, cam üfləmə sənəti nümunələri nümayiş olunacaq.
Noyabrın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Aşıqlar deyişməsi” adlı konsertdə isə Türkiyə və Azərbaycan aşıqları bir səhnəni bölüşəcəklər.
Mədəniyyət günləri proqramında Türkiyə filmlərinin nümayişi də nəzərdə tutulub. Kinosevərlərin 25-26 noyabr tarixində Nizami Kino Mərkəzində türk filmlərinə baxmaq imkanları olacaq. Noyabrın 26-27-də isə Milli Dram Teatrında qardaş ölkənin səhnə ustaları iki tamaşa göstərəcəklər.
Müşavir əmin olduğunu bildirdi ki, bu tədbirlər Türkiyə mədəniyyətinin Azərbaycanda ən yüksək səviyyədə təqdimatı olacaq.
Qeyd edək ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə 2012-ci ildə Türkiyənin üç şəhərində - Ankara, İstanbul və İzmirdə Azərbaycan mədəniyyəti günləri keçirilmişdi.
Mehparə