Dekabrın 12-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda IX çövkən milli oyunu üzrə yarışlar keçiriləcək.
2006-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbir milli atüstü oyun ənənələrimizin qorunub saxlanılması, atçılığın inkişaf etdirilməsi, ölkəmizdə atçılıq turizminin təbliği məqsədi daşıyır. Prezident kuboku oyunlarında respublikanın şəhər və rayonlarını təmsil edən 16 komandanın iştirakı gözlənilir. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim ediləcək.
Qədim tarixə malik çövkən oyunu əsrlər öncə Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda təşəkkül tapıb. Ölkəmizdə tarixən məşhur Qarabağ atları üzərində oynanılan bu oyun cəsurluq, çeviklik rəmzi olub. 2013-cü ildə çövkən - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyunu UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınıb.

Fəxriyyə