Xəbər verdiyimiz kimi, Şabran rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı 5 min illik tarixə malik qazma evlər aşkarlanıb.
Rayonun Aygünlü kəndi ərazisində Çaqqaltəpə abidəsində aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov bildirib ki, abidənin mədəni təbəqəsi çox qalındır. Bu ərazidəki qədim yaşayış yerləri hələ ötən əsrin 70-ci illərində qeydə alınıb.
İlkin tədqiqatlar zamanı abidələrdə Kür-Araz mədəniyyətinin Erkən Tunc dövrünün xarakterik xüsusiyyətlərinə rast gəlinib. Qazıntılar Çaqqaltəpə abidəsində 3 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə Erkən Tunc dövrünə aid 5 qazma ev tapılıb ki, bu tipli evlər hələ Azərbaycanda öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyəti üçün xarakterik olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət isə daş özül üzərində dairəvi evlərin tikintisidir.
Ekspedisiya rəhbəri bildirib ki, qazıntı zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub. Ərazidən tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar