Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 2015-ci ilin aprel ayında Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin anadan olmasının 150 illiyi tamam olur. General Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində müstəsna fəaliyyət göstərib.
Sərəncamda Müdafiə Nazirliyinə Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə Əlağa Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.