Noyabrın 23-dən 27-dək Azərbaycanda Türkiyə Cümhuriyyətinin mədəniyyət günləri keçiriləcək. İlk dəfə olaraq keçiriləcək mədəniyyət günləri ilə əlaqədar Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik başda olmaqla nümayəndə heyəti, qardaş ölkənin incəsənət ustaları ölkəmizə gələcəklər.
Mədəniyyət günlərinin açılışı 23 noyabrda Heydər Əliyev Mərkəzində keçiriləcək. Mərasimdə İstanbul Tarixi Türk Musiqisi Topluluğunun konsert proqramı təqdim olunacaq. 24-27 noyabr tarixində Muzey Mərkəzində “Əl sənətləri" (gümüş, bakır, çiniçilik, naxış, ebru, şüşə üfləmə) və "Qadın başlığı" sərgiləri, "Türkiyədən rənglər" fotosərgisi, 25 noyabrda Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi" aşıq konserti keçiriləcək.
Noyabrın 25-də və 26-da Nizami Kino Mərkəzində "Eşq təsadüfləri sevər" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabrın 26-27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Haraya" və "Maraqlanan üçün bir hekayə" tamaşaları nümayiş olunacaq.