Bölgələrdə kitabxana layihələri davam edir
Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən “Açıq kitabxana” layihəsinə qoşulub.
Heydər Əliyev parkında təşkil edilən tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Sahib Şükürov, MKS-nin direktoru Rövşanə Balayeva çıxış edərək layihənin əhəmiyyətindən danışıb, belə tədbirlərin kitabxanalarda oxucu sayının artmasına stimul verəcəyini qeyd ediblər.
Sonra oxucular “açıq kitabxana”da nümayiş olunan nəşrlərlə tanış olublar. 20-yə yaxın kitabsevər kitabxanaya üzv yazılıb. Belə səyyar kitabxana tədbirlərinin davam etdiriləcəyi qeyd edilib.
* * *
Göygöl şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə “açıq kitabxana günü” təşkil edib.
Kitabxananın qarşısında “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitablar sərgilənib. Balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük veriblər.
* * *
Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanada “Yay məktəbi” layihəsi çərçivəsində bilik yarışması keçirilib. Yarışmaya şəhər kitabxanalarının 11-15 yaş qrupuna daxil olan oxucuları cəlb olunub.
İştirakçılar test tapşırıqlarını yerinə yetirib, məntiqi sualları cavablandırıblar. 20 iştirakçı arasında fərqlənən 4 şagird Mədəniyyət və Turizm şöbəsinin fəxri fərmanı və kitabxananın hədiyyələri ilə təltif olunub.
* * *
Tərtər rayon MKS-nin Mərkəzi kitabxanası və Uşaq şöbəsi sakinlərin istirahət saatlarının mənalı keçirilməsi, kitabın təbliği və kitabxanalara daha çox oxucu cəlb edilməsi məqsədilə şəhərdəki mərkəzi meydanda səyyar kitabxana xidməti təşkil edib. Səyyar xidmət zamanı “Nağıllar aləminə səyahət”, “Yerli yazarlar”, “Yeni kitablar”, “Danışan kitablar” başlıqlı kitab sərgiləri əhalinin marağına səbəb olub.
* * *
Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nabran istirahət zonasındakı turizm mərkəzlərində “Açıq kitabxana” layihəsi çərçivəsində səyyar kitabxana xidməti təşkil edilib.
Kitabxanadakı müxtəlif mövzulu nəşrlər istirahət mərkəzlərinin ərazisində sərgilənib. Turistlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən aksiya böyük maraqla qarşılanıb. Kitabsevərlər rayon Mərkəzi kitabxanasının fonduna yeni daxil olan ədəbiyyatlarla da tanış olublar. Belə nəşrlərin sayı 400 nüsxədən çoxdur. Rayon Mərkəzi kitabxanasının fondunda 45 mindən çox kitab var.
* * *
Şirvan şəhər Mərkəzi kitabxananın qarşısındakı parkda kiçikyaşlı uşaqların istirahətini təmin etmək üçün ”Nağıl dünyamız” adlı sərgi və “Sevdiyim nağıl qəhrəmanları” rəsm müsabiqəsi təşkil edilib. Tədbirdə Uşaq kitabxanasına daxil olan 100-dək yeni kitab, “Göy qurşağı”, “Sehrli dünya” jurnalları nümayiş etdirilib.
“Sevdiyim nağıl qəhrəmanları” müsabiqəsində 50-dən çox uşaq iştirak edib. Onlardan əksəriyyəti oxuduqları nağıl qəhrəmanlarının şəkillərini çəkiblər. Rəsmləri ilə fərqlənən uşaqlar fəxri fərmanlarla mükafatlandırılıblar. Uşaqlar zəhmətləri qiymətləndirildiyi üçün çox seviniblər.
* * *
Ağstafa rayon MKS-yə daxil olan kitabxanalarda “Yay məktəbi” layihəsi çərçivəsində müxtəlif formalı tədbirlər təşkil edilir. “Uşaqların nağıl dünyası”, “Gəlin, kitab oxuyaq”, “Haradan başlanır Vətən?” və s. mövzularda tədbirlərdə məktəblilərlə sual-cavablara, bədii qiraət yarışmasına, şeir müsabiqəsinə, sürətli və intonasiya ilə ucadan oxuya, interaktiv oyunlara xüsusi yer verilir. Kiçikyaşlı uşaqlar və ibtidai sinif şagirdləri ilə “nağıl saatı” da təşkil edilir. “Yay məktəbi” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi valideynlər tərəfindən rəğbətlə qarşılanır.