Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr etdiyi “Odun cazibəsi” (Elegance of fire) və “Günahsızların qırğını” (The Massacre of innocents) kitablarının təqdimat mərasimi keçiriləcək. Heydər Əliyev Fondundan bildirilib ki, tədbir çərçivəsində müəllifin Azərbaycandan çəkdiyi fotolardan ibarət sərgi də açılacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” kitabına Reza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar daxildir. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar öz əksini tapıb. Müəllif, eyni zamanda, milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb.
Fondun dəstəyi ilə işıq üzü görən “Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdən fotolar da yer alıb.
Tədbir çərçivəsində açılacaq sərgi dekabrın 7-dək davam edəcək.