Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəmizin dünya turizm bazarında inkişaf edən biznes turizm məkanı kimi tanıdılması yolunda addımlarını davam etdirir. Avropanın səyahət və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşrlərindən olan ICJ MICE jurnalının qış sayında Azərbaycan haqqında məqalə dərc olunub.
Almaniyada nəşr olunan jurnal oxucularına ölkəmizin turizm potensialı və investisiya imkanları barədə məlumat verir və Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün səmərəli və dinamik inkişaf edən məkan kimi təqdim edib.
Məqalədə həmçinin Bakıdakı müxtəlif görüş və iclasların keçirilməsi üçün əlverişli təsisləri olan brend mehmanxanalardan da bəhs edilir, şəhərin heyranedici mənzərələrindən, möhtəşəm tikililərindən, tarixi abidə və məkanlarından söz açılır.
İldə iki dəfə 17 min nüsxə ilə çap olunan jurnal aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat şirkətləri və turizm sahəsində fəaliyyət göstərən bir çox digər şirkət və firmalar ilə əməkdaşlıq edir. Alman dilində çap olunan jurnal Almaniya, Avstriya və İsveçrədə yayımlanır.