Dekabrın 10-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq şairi Nəbi Xəzrinin 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbirdə şairin zəngin həyat yolundan, yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar tamaşaçıların zövqünü oxşayacaq.
Altmış ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq, sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və başqa kitabların müəllifidir. Şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Ədibin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub.
Xalq şairi bir sıra orden və medallara, Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.