Şair, müğənni, qarmon ifaçısı, Zərdab rayon Kəndəbil kənd Mədəniyyət evinin direktoru Bəylər Abdullayev incəsənət adamına xas olan keyfiyyətləri özündə cəmləşdirib. Uşaq yaşlarından şeirə, musiqiyə həvəs göstərib, müğənnilərin, aktyorların çıxışlarını maraqla izləyib, onlardan öyrənməyə çalışıb. 1970-ci ildə Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri sinfinə daxil olub. Xalq artisti, görkəmli qaboy ifaçısı Kamil Cəlilovun qarmon, xanəndə Qulu Əsgərovdan muğam dərsi alıb. 1973-cü ildə texnikumu fərqlənmə diplomu ilə bitirib, Zərdab şəhər 7 illik Musiqi məktəbində qarmon müəllimi işləyib. Burada xalq çalğı alətləri orkestri, sənət dostu, müəllim yoldaşı mərhum Qalib Ağayevlə birgə folklor ansamblı və rəqs kollektivini yaradıb, rayon Mədəniyyət evində xor kollektivinin rəhbəri və dirijoru olub. Dəfələrlə respublika baxış-müsabiqələrində qalib olub, fəxri fərmanla təltif edilib.
1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Zərdab şəhər Mədəniyyət evinin “Kür” ansamblında qarmon, “Şəbnəm” instrumental ansamblında akkordeon ifaçısı kimi fəaliyyət göstərib.
1987-ci ildə Kəndəbil kənd Mədəniyyət evinin direktoru təyin edilən B.Abdullayev rayonda keçirilən tədbirlərdə fəal iştirak edir, tamaşaçıların könlünü oxşayır.
O həm də istedadlı şairdir. Bugünlərdə “Gənclik” nəşriyyatında “Gedirik Tanrıya sarı” kitabı çap olunub. Şair şeirlərində insanları nəcibliyə, səmimiyyətə və Tanrıya sarı getməyə, dünyada baş verən ədalətsizliklərə qarşı mübarizə aparmağa səsləyir.

Mübariz Səfiyaroğlu
mədəniyyət işçisi, şair-publisist







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar