Gələn il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı özünün 100 illik yubileyini qeyd edəcək. Milli peşəkar teatrımızın böyük bayramı kimi tarixə düşəcək bu hadisə münasibəti ilə teatrda geniş hazırlıq işləri görülür. Ən əsası isə kollektiv yubiley repertuarı üzərində ciddi seçimlər aparır.
   
   Dahi Üzeyir Hacıbəyovun bünövrəsini qoyduğu bu teatrda bu gün də dünya klassiklərinin məşhur əsərləri tamaşaya hazırlanır. Və təbii ki, müasir müəlliflərin yaradıcılığına da burada hər zaman yer vardır. Yazıçı Maarif Məmmədov özünün ilk pyesini kollektivə təqdim etmişdir. Tezliklə onun “Matəm marşı və ya gözünüz aydın” əsəri öz səhnə taleyini yaşayacaq.
   Müasir mövzuda yazılan, hər birimizin rastlaşdığı və gülə-gülə seyr etdiyi real hadisələri əks etdirən yeni əsərin quruluşunu teatrın baş rejissoru Yusif Əkbərov verəcək. Tamaşanın səhnə tərtibatı isə rəssam Nabat Səmədovaya məxsus olacaq. Xalq artistləri Arif Quliyevin, İlham Namiq Kamalın, Fatma Mahmudovanın, əməkdar artistlər Ramiz Məmmədov, Xanım Qafarovanın, Prezident mükafatçıları Elçin Həmidovun, Çingiz Əhmədovun, aktyorlar Novruz Qartalın, Oqtay Quliyevin və başqalarının rol aldığı yeni tamaşada toy və yas mərasimlərinin ünvanını dəyişik salan bir qrup musiqiçinin macəralarından bəhs olunur. Maraq doğuran cəhətlərdən biri də odur ki, əsas rollardan birinə tamaşacıların gülüş ustası kimi tanıdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, respublikanın əməkdar artisti Naibə Allahverdiyeva dəvət olunmuşdur.
   
   Ağca Muxtarova