Paytaxtda böyük idman kompleksləri ilə yanaşı, yeni incəsənət məkanları, sərgi salonları, istirahət guşələri inşa olunur

2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunlarına geri sayım davam edir. Paytaxt Bakıda gələn ilin ən böyük idman tədbirinə böyük hazırlıq işləri görülür, yeni idman kompleksləri, şəhərimizin simasını daha da gözəlləşdirən möhtəşəm tikililər inşa olunur.

Dekabrın 23-də Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə “Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar.
“Baku Sport City” ərazisində su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları üçün qurğular inşa edilir. Ərazidə, eyni zamanda, iclas və konfrans zalları, mətbuat üçün çəkiliş sahəsi, eləcə də avtomobil dayanacağı və digər xidmət sahələrinin də yaradılması nəzərdə tutulur. Ölkə başçısının 2012-ci ildə imzaladığı sərəncama əsasən inşa olunan Su İdmanı Sarayı altı hektar ərazini əhatə edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının ətrafında yaradılan yeni mədəniyyət və incəsənət obyektləri, o cümlədən sərgi salonlarında aparılan tikinti işlərinə baxıblar, ictimai yerlər və xiyabanlar, insanların rahatlığı və istirahəti üçün yaradılan gəzinti yerlərində yenidənqurma və təmir işlərinin gedişi ilə tanış olublar.
Son illərdə Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq, quruculuq tədbirləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir. 2010-cu ildə istifadəyə verilən meydanın ətrafında həyata keçirilən irimiqyaslı tikinti-quruculuq işləri bu ərazini Bakının ən orijinal və görməli yerlərindən birinə çevirib. Bir vaxtlar ərazidə mövcud olan köhnə zavodların, sosial və iqtisadi səmərəsini itirmiş, böyüyən paytaxtın tələblərinə cavab verməyən, ən çox da ekoloji tarazlığı pozan müəssisələrin yerində indi geniş yaşıllıq zolaqları, təbii landşaft salınır, şəhərimizin sakinlərinin və qonaqlarının istifadəsi üçün iaşə və əyləncə məkanları yaradılır. Bütün bunlar bu ərazinin həm idman, həm də istirahət məkanı kimi şəhərimizin arxitekturasına xüsusi yaraşıq verəcəyini bir daha təsdiqləyir və onun əhəmiyyətini artırır. Çünki gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil olan yarışlardan bir neçəsi məhz bu ərazidə təşkil olunacaq.
Həmçinin bulvarın Bibiheybət buxtasına qədər uzadılması ilə bağlı layihənin icrası da davam etdirilir. Bundan əlavə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ərazidəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır. Son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını gizlətmirlər. Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.