Rasim Aşın: «Festival universitet tələbələri arasında yeni əlaqələrin yaranmasına imkan verəcək»
   
   "Yuğ" Dövlət Teatrının rejissoru, Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Dövlət Dillər Universitetinin (ADU) teatr klublarının rəhbəri və rejissoru Rasim Aşın pedaqoji fəaliyyətini daha səmərəli istiqamətə yönəldərək universitet teatr festivallarının təşkili ideyası ilə çıxış edib.
   
   Azərbaycan Universitetləri Teatr Festivalının mayın 5-15-i tarixləri arasında keçirilməsi nəzərdə tutulur. Festivalın əlaqələndirici rejissoru Rasim Aşın artıq sonrakı illər üçün də planlar qurur. «Dövlət və ya özəl universitetlər tərəfindən təşkil oluna biləcək Azərbaycan Universitetləri - Gənclik Teatr Festivalı ikinci ildən etibarən ADU və BSU teatr mükafatı və festivalın xüsusi mükafatı kimi təltifləri təqdim etməyi, teatr dahilərinə hörmət və məhəbbətlərini bildirməyi, teatra dayaq olan şəxs, təşkilat və qurumlara təşəkkür etməyi unutmamalıdır». Əvvəlki oxşar müsabiqələrlə müqayisədə fərqli tətbiq və nəticələr baxımından birinci olmağı qarşısına məqsəd qoyan festivalın təşəbbüskarı sonrakı illərdə, məsələn, festivalın növbəti ildönümlərində Azərbaycan və Türkiyə teatr sənətinin ən görkəmli şəxsiyyətlərinin büstlərinin hazırlanmasını vacib sayır.
   Xatırladaq ki, keçən il ADU-nun Teatr Klubu Samsun 19 Mayıs Universiteti ve Ankara ODTÜ - nün təşkil etdiyi festivallarda iştirak etmişdi.
   Festivalın rejissoru Rasim bəyin söylədiyinə görə, festivalın keçirilməsi ideyası Səməd Seyidova məxsusdur. «Bu festival həm də universitet tələbələri arasında yeni əlaqələrin yaranmasına imkan verəcək. Tələbələrimiz ölkənin daha da inkişafı üçün öz fikir, təklif və arzularını tamaşaları vasitəsilə göstərə biləcəklər». Festival ölkəni tanıtmaq baxımından böyük rola malikdir. Universitetimizin təşkil etdiyi bu tədbir Azərbaycanın turizm baxımından da inkişafına kömək edəcək. Buraya gələcək qonaqlar həm də bir turizm elçisidir. Ölkələrinə qayıtdıqdan sonra Azərbaycanda gördüklərindən, buradakı təəssüratlarından danışacaqlar. Bu işimizlə toxum əkirik, onun cücərməsi bizim sonrakı fəaliyyətimizin nəticəsindən asılı olacaq».
   Rasim Aşının sözlərinə görə, festivalda iştirak edəcək universitetlərin adları və tamaşaları barədə informasiya aprelin 20-dən sonra məlum olacaq. «Təxmin edirəm ki, festivalda xaricdən gələnlərdən başqa, 20-ə yaxın teatr klubu iştirak edəcək. Üç zalımız olduğuna görə, belə hesab edirəm ki, bir gündə üç tamaşa göstərə bilərik. Tələbələrimizin tamaşalara baxa bilməsi üçün göstərilmə vaxtını günorta və axşam saatlarında nəzərdə tutmuşuq. Teatrlara bilet satışla olmayacaq. Festival iştirakçılarının hər birini xatirə hədiyyələri ilə mükafatlandıracağıq. Bundan başqa, tamaşaya baxmağa gələn tələbələrin sorğusu nəticəsində festival iştirakçıları arasında «ən perspektivli aktyor», «ən perspektivli aktrisa», «ən perspektivli rejissor», «ən maraqlı tamaşa» və s. nominasiyalar üzrə qaliblər müəyyənləşdiriləcək».
   
   Aişə