Onca dünya yekə bir səhnə demək,
Hər kəs aktyorluq edər bilməyərək!
Məşhur rusiyalı dramaturq Gelmanın tamaşasına bircə dənə də satılmamış bilet qalmır. Bunu görən dostları ona deyir: “Dünyada səndən xoşbəxt insan yoxdur. Çünki tamaşana bilet tapmaq mümkün deyil”. Gelmanın cavabı isə belə olur: “Dünyada məndən bədbəxt insan yoxdur. Çünki bu gün anladım ki, tamaşada qaldırdığım problem hələ də öz həllini tapmayıb”.
Bu əhvalatı eşidəndə ağlıma belə bir sual gəldi: Yəni biz bu qədər xoşbəxt bir millətik? Yəni doğrudanmı bizim heç bir problemimiz yoxdur ki, heç olmasa onun dərdindən teatra gedib tamaşaya baxaq? Yoxsa əksinə, problemlərdən başımız ayılmadığından teatra ayırası vaxtımız yoxdur?
Bu gün biz bu acı həqiqəti etiraf etməyə məcburuq: Teatra maraq ölmək üzrədir (ölüb deməyə dilim gəlmədi). Hansı teatra gedirsən get, zalı nəinki tam, heç yarıyacan da dolu görmək mümkün deyil. Düzdür, deyirlər, teatra sırf elə onun fanatı olan “özəl” tamaşaçısı lazımdır. 15 nəfər olsun, amma teatrı sözün əsl mənasında sevən olsun. Lakin dərd orasındadır ki, həmin 15 nəfərdən ibarət tamaşaçı heyətini də çox vaxt öz istəyilə tamaşaya baxmağa gələnlər yox, müxtəlif peşə məktəblərindən, hərbi liseylərdən məcburi gətirilənlər təşkil edir.
Bu problemi insanların maddi vəziyyəti ilə bağlasaq, çox gülməli səslənər. Çünki kassalarda tökülüb qalan teatr biletlərinin qiyməti 2- 3 manat olduğu halda, tamaşaya 3- 4 gün qalmış tapılmayan “Bakılı oğlanlar”ın, “Bu şəhərdə”nin və ya Bakıya konsert verməyə gəlmiş hər hansı bir əcnəbi müğənninin konsert biletlərinin qiyməti minimum 30- 40 manatdır.
Bəlkə zövqümüz korlanıb? Artıq biz mənalı, düşündürücü gülüşü deyil, özündə heç bir fikir, ideya daşımayan, boş, necə deyərlər, “laqqırtı” gülüşü üstün tuturuq? Gülmək xətrinə eləcə gülmək, əylənmək, əylənmək, yenə də əylənmək bizə daha xoş gəlir? Yox, buna inanmaq istəməzdim!
Yoxsa günah elə teatrların özündədir? Tamaşaçını öz arxasınca aparmağı bacarmadığından, tamaşaçının arxasınca getmək məcburiyyətində qalır?
Bu kimi suallarımıza cavab tapmaq üçün görünür, mütəxəssis rəyinə ehtiyacımız var. Elə isə quruluşçu rejissor Ədalət Ziyadxanovun bu barədə nə düşündüyünü öyrənək: “Ümumiyyətlə, dünya teatr tarixində tamaşaçı qıtlığı həmişə aktual problemlərdən olub. Bizdə isə bu problem get- gedə daha da dərinləşir. Sanki biz böyük bir mənəvi boşluğa doğru gedirik. Bu, doğru yol deyil. Hər şeyi də əyləncəyə döndərmək olmaz axı! Əgər biz bu problemin həll olunmasını istəyiriksə, ilk əvvəl onun həlli yollarını axtarıb tapmalı, yəni hər şeydən öncə tamaşaçının teatra getməməsinin səbəblərini araşdırmalıyıq. Çünki bu məsələ bir çox amillərlə bağlı ola bilər. Şəxsən mən Moskvada təhsil aldığım illərdə insanların teatra bilet almaq üçün növbəyə durmalarının və hansı çətinliklərlə bilet əldə etmələrinin şahidi olmuşam. Yaxud elə özümüzdən deyim. Təzə tamaşaya qoyulduğu vaxtlar Səməd Vurğunun “Vaqif” pyesinin sözlərini tamaşaçıların aktyorla birgə əzbər dediklərini görmüşəm. O vaxt insanlar teatrlara gəlib hansı tamaşada kimin oynayacağını əvvəlcədən öyrənirdilər. Məsələn, axşam Ələsgər Ələkbərov tamaşada çıxış edəcəkdisə, onun pərəstişkarları teatra axışıb gəlirdi. Yəni teatra, aktyorluq sənətinə böyük maraq var idi. Lakin indi elə bir əsər tamaşaya qoyulur ki, artıq tamaşaçını teatra gəlmədiyinə görə qınamaq da olmur. Ümumiyyətlə, bu gün repertuar “siyasəti” çox bərbad vəziyyətdədir. Lakin rejissorlardan da çox şey asılıdır. Pis rejissor faciəni melodrama çevirər, yaxşı rejissor isə melodramı təsirli faciəyə döndərər. Düşünürəm ki, teatrlar repertuar seçimində daha diqqətcil olsalar, rejissorlar aktyorlara qarşı yetərincə tələbkar olsalar və öz işlərinə daha məsuliyyətli yanaşsalar, meydana səviyyəli və dövrümüzün tələb etdiyi işləri çıxarmaq olar”.
Təzəcə səhnəyə gəlmiş, lakin özünü istedadlı faciə aktyoru hesab edən bir şəxs məşhur sənətkar Rıbakovdan onun “Otello” tamaşasındakı oyununa baxmasını xahiş edir. Tamaşadan sonra isə o, Rıbakova yaxınlaşıb: “Hə, necə idi? Dezdemonanı yaxşı öldürdüm?”- deyə soruşur. Rıbakov isə cavabında: “Hə, Dezdemonanı yaxşı öldürdün. Şekspiri isə ondan da yaxşı öldürdün!” - deyir.
Bizim bəzi aktyorlar da öz süni aktyorluqları, bəzi rejissorlarımız isə qeyri- peşəkar rejissorluqları ilə Cavidi, Cəfəri, Cəlili öldürməsinlər təki! Tamaşaçı tamaşadan yarımçıq çıxıb “Bu nə əsərdi. Yaxşı ki, oxumamışam!” - deməsin. Tamaşadan sonra müəllifin digər əsərlərini də oxumağa tələssin təki!
Könül NƏCƏFOVA