Hardasa hə, hardasa yox!
   
   Hüseyn Cavidin adı Azərbaycan poeziyası, dramaturgiyası və teatrı tarixinə qızıl hərflərlə yazılıb. Cavid dramaturgiyasına müraciət zaman-zaman istər rejissorlar, istərsə də aktyorlarımız üçün sənət imtahanı sayılıb və bu gün də sayılmaqdadır. Aprel ayının 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrında rejissor Mərahim Fərzəlibəyovun quruluşunda böyük dramturqun “Şeyda” pyesinin tamaşasının premyerası növbəti sənət imtahanı idi.

   
   Cavidin “Şeyda” pyesində iki əsas xətt var: sevgi və sosial-siyasi həyat. Əsərdə bu iki xətt üzvi surətdə birləşir və vəhdət təşkil edirlər. Lakin romantik ədib kimi sevgi mövzusu Cavidin diqqət mərkəzindədir. Və təsadüfi deyil ki, o, öz qəhrəmanını Şeyda adlandırır ki, bu sözün də arxasında vurğun, aşiq, bir sözlə, klasik şərq ədəbiyyatından bizə yaxşı məlum olan məcnunluq durur.
   H. Cavidin eşq mövzusuna müraciəti “Şeyda”dan bir neçə il əvvəl qələmə aldığı “Şeyx Sənan” faciəsində özünün daha parlaq ifadəsini tapmışdı. Lakin əgər dramaturq “Şeyx Sənan”da sevgi mövzusuna dini ayrı-seçkilik fonunda baxırdısa, “Şeyda”da sosial qarşıdurma prizmasından baxır.
   Rejissor tamaşada bu iki xəttin hər ikisini diqqət mərkəzində saxlayır. Lakin o, Cavid dramaturgiyasına yaradıcı yanaşır və ona müasir Azərbaycan ictimai-siyasi həyatı yönündən baxmağa çalışır. Bu, özünün daha qabarıq ifadəsini sosial problemlərə münasibət məsələsində tapır. Bunun hesabına tamaşaçı səhnədə baş verənlərə sadəcə ötən əsrin ikinci onilliyinin hadisələri kimi yox, həm də günümüzün olayları kimi baxa bilir.
   M.Fərzəlibəyov otuz illik rejissorluq fəaliyyəti ilə Azərbaycan teatr tarixində öz üslubunu, öz aktyorlarını, bir sözlə öz teatrını formalaşdırmış sənətkardır. “Şeyda” tamaşasında baş rolun respublikanın əməkdar artisti Sabir Məmmədova həvalə olunması bu baxımdan qanunauyğun görünür. Çünki S.Məmmədov M.Fərzəlibəyovun əksər tamaşalarında baş rolların əsas ifaçılarından biri kimi tanınır. Məlahətli səsi, təbii ifası ilə tamaşaçıların rəğbətini qazanan aktyorun Şeyda rolu da ən ümumi şəkildə götürəndə pis deyildi. Amma bu ifanı ən yaxşı halda minimum tələblərə cavab verən bir ifa adlandırmaq mümkündür. S.Məmmədov isə hazırda yaşının və sənətinin elə bir dönəmindədir ki, tamaşaçının ondan ən yüksək ifa gözləmək haqqı var.
   Aktyor obrazı iki mərhələdə oynayır. Birincisi səliqəli geyinmiş, təmkinli, kübar ədaları ilə yadda qalan Şeyda; ikincisi, istər şəxsi həyatı, istərsə də sosial mühitdə baş verən olaylarla bağlı olaraq daxili müvazinəti tədricən pozulan, az qala ruhi xəstəlik həddinə çatan Şeyda. Sahibkar tərəfindən istismar olunan fəhlələri öz haqları uğrunda mübarizəyə çağırdığı səhnələrdə aktyor nə qədər təbiidirsə, Roza ilə romantik sevgi səhnələrində onun ifası bir o qədər zəif təsir bağışlayır. Aktyor məhəbbət səhnələrini yaşamır, məhz oynayır. Cavidin romantik sevgi şeirlərini ifa edən aktyorun səsində, ümumi ifa tərzində böyük dramaturqun romantizminə qarşı gizli bir etinasızlıq duyulur. Sanki bu səhnələri o öz vəzifə borcunu yerinə yetirirmiş kimi ifa edir, qəhrəmanın romantik aləmini bütün gücü, daxili temperamenti ilə üzə çıxarmağa çalışmır. Nəticədə tamaşanın finalına yaxınlaşdıqca onun öz sevgisi yolunda çəkdiyi əzablar sanki havadan asılı qalır. Akrtyorun ifasında istər Şeydanın özünə, istərsə də onun Rozaya bəslədiyi sevgiyə qarşı gizli bir ironiya var. Ümumən, qəhrəmanların məhəbbəti lazımi vüsətiylə açılmadığından nə Şeydanın əzabları, nə də Rozanın ona xəyanəti lazımınca əsaslandırılmır, inandırıcı görünmür.
   Roza Müller rolunun ifaçısı Məsmə teatra ilk gəlişindən tamaşaçıların nəzər-diqqətini cəlb edən istedadlı aktrisadır. Onun zərif, plastik hərəkətləri, sevən və sevilən gənc qıza uyğun şıltaqlığı, düşüncəli baxışları razılıq doğurur. Məsmənin Rozası öz təbiəti etbarilə bir qədər mütərəddid qızdır. O, romantik, üsyankar Şeydaya sevgisi ilə varlı, yaraşıqlı, Avropada təhsil alıb qayıtmış gənc Əşrəfə münasibəti arasında tərəddüd edir. Məsmə iki hissin əlində qalan Rozanın daxili tərəddüdlərini bəzən sadəcə baxışları ilə zala çatdıra bilir. Amma aktrisanın uzun müddətdən bəri kinodublyajda çalışmasından irəli gələn diksiyası süni təsir bağışlayır. Bundan başqa öz yaradıcılıq təbiəti etibarilə komediyaya meyilli Məsmə romantik faciə ampluasına lazımınca düşə bilmir. Yeri gəlmişkən, kinodublyajdan gələn danışıq vərdişlərinin səhnə obrazının canlandırılmasına açıq-aşkar surətdə mane olması S.Məmmədovun da ifasında hiss olunur.
   Rozanın anası Mariya rolunun ifacısı Dilarə kifayət qədər səhnə təcrübəsi olan aktrisadır. O, rolu iki durumda göstərir. Bunlardan birincisi yeganə qızını “dəli”, üsyankar, romantik Şeydaya verməkdənsə, əsilzadə Əşrəfə vermək istəyən meşşan alman qadınıdır. Aktrisanın hərəkətləri, danışığında sanki bir şablon var və bu, ilk baxışdan tamaşaçıya süni görünür. Amma özünü kübar sayan meşşan qadını bu cür təqdim etmək əslində məntiqidir. Aktirsa bu səhnələrdə əslində rol içində rol oynayır. İkinci Mariya artıq kübar xanım maskasını çıxarıb. O, qızını itirmiş anadır. Mariya Rozanın məzarı üstündə ağlayır, fəryad edir və bu zaman müəyyən əndazəni qoruyub saxlayır. Aktrisanın hərəkətləri, davranışı gözəl görünüş yaradır. Amma bütün bunlarla yanaşı o daha çox texniki səs imkanları ilə ötüşür, hiss olunur ki, bu fəryad, hıçqırıqlar təcrübə hesabına qazanılan vasitələrlə həyata keçirilir. Və yəqin buna görə Dilarə Rozanın faciəsinə tamaşaçıları ağlada bilmir, tamaşaçı estetik həzzin ən yüksək həddinə çatmır, səhnədəki faciə zalda gözlənilən effekti vermir.
   Tamaşada uğurla yaradılmış rollar sırasında əməkdar aktrisa Sevinc Məmmədovanın Ölüm mələyi obrazını göstərmək olar. Bütün tamaşa boyu vaxtaşırı səhnəyə çıxan, cilddən-cildə, dondan-dona düşən bu obraz ifaçıdan gərgin dinamizm, plastika, klassik romantik vüsət tələb edir və demək olar ki, aktrisa öz üzərinə düşən rolu lazımınca yerinə yetirə bilir. Xüsusən tamaşanın sonlarına doğru gah öldürülmüş Roza, gah da Ölüm mələyi kimi görünən bu obrazın roldan-rola keçidini aktrisa dəyişən səs çaları ilə zala çatdıra bilir. Finala yaxın obrazın dinamizmi yüksəlir, səhnədə fırfıra kimi fırlanan aktrisanın ifasındakı rəqslər daha bitkin, daha görümlü şəkil alır və razılıq doğurur. Finalda Dilarənin Oktyabr inqilabı və sovet rejiminin simvolu olan oraq-çəkiclərlə bəzədilmiş, quş qanadlarını xatırladan geniş qollu, al qırmızı libasda səhnəyə çıxması, şərin təntənəsini ifadə edən çılğın, qalibanə rəqslər ifa etməsi tamaşanın yaddaqalan səhnələrindən hesab oluna bilər.
   Xalq artisti Hacı İsmayılovun Müller obrazı hadisələrin inkişafında az yer tutur. Aktyor Müllerin öz arvadı Mariya ilə birgə qızı Rozanın qəbri üzərinə gəldiyi və monoloq dediyi səhnəni daxilən yaşayaraq, amma həm də müəyyən ölçünü gözləyərək oynayır. Aktyorun dolmuş gözləri, titrəyən səsi gənc qızı faciəli surətdə öldürülmüş atanın daxili iztirablarını pis ifadə etmir. Amma aktyor tipik alman xarakterinin müəyyənləşməsi üçün elə bir yaddaqalan cizgi, ştrix tapa bilmir.
   Tamaşada sosial qarşıdurma xəttinin əsas təmsilçilərindən biri mətbəə işçisi Musadır. Bu rolun ifası Rövşən Kərimduxta həvalə olunub. Orazın inkişafı iki mərhələdə verilir: yazıq, miskin Musa və intiqam hissiylə yaşayan çılğın Musa.
   Musa istehsalat zamanı şikəst olub, qolunun birini itirib, üstəlik sahibkar evini də onun əlindən alıb. Onun qardaşı və balaca oğlu aclıqdan, kasıblıqdan ölüb. Musa intiqam hissiylə yaşayır. Və intiqamını alır - sahibkarın oğlu Əşrəfi güllə ilə yaralayır, onun özünü isə çəliklə boğub öldürür. Amma aktyor çəliyi sahibkarın boğazına o qədər ehtiyatla qoyur ki, tamaşaçı bu cür incəliklə kimisə boğub öldürməyin mümkünlüyünə şübhə edir. Rozanın ölümü də şübhəli qalır - məlum olmur ki, Musa onu bilərəkdən vurur, yoxsa Əşrəfi vurmaq istəyərkən güllə qıza təsadüfən dəyir. Bütövlükdə götürəndə, R. Kərimduxtun ifasında istər Musanın birinci - miskin halı, istərsə də ikinci - üsyankar və qisasçı halı daha çox zahiri ifadə vasitələri ilə əks olunur. Aktyor üzdən gedir, obrazın daxili psixoloji yaşantılarını lazımınca verə bilmir, nəticədə surət sxematik alınır.
   Epizodik qəbirqazan rolunda səhnəyə çıxan və cəmi bir neçə kəlmə sözü olan Əlvida Cəfərov isə göstərdi ki, doğrudan da rolun böyük-kiçiyi olmur və aktyor bircə epizodla da yadda qala bilər.
   Həddindən artıq mərsiyə və ağlaşma havasına köklənmiş kütləvi səhnələrin ifacıları isə bizcə, tamaşaya ifrat pessimist ovqat gətirirdilər. Onlardan bəzilərinin nə dediyi isə sadəcə aydın olmurdu.
   Tamaşa patetik bir finalla bitir: aktyorların vətənpərvərlik ifadə edən çıxışlarının müşayiəti ilə Azərbaycanın dövlət bayrağı bütün səhnə boyu qalxır. Və bir dəfə qalxan bayrağın bir daha enməyəcəyi qənaəti təsdiqlənir. Bu bayrağı öz qanı, canı bahasına qaldıran Azərbaycan vətəndaşı xoşbəxt yaşamağa layiqdir. Tamaşadan doğan başlıca qənaət budur. İdeya öz-özlüyündə gözəldir, amma bizcə, nə demək və necə demək hələ fərqli şeylərdir.
   
   Sabutay