Aktyor populyarlığına hesablanmış tamaşa
Azərbaycan teatrlarının digər ölkələrin teatr mübadiləsində aktivlik daha çox Səməd Vurğun adına Rus Dram Teatrına məxsusdur. Azərbaycan teatrlarının Rusiya və ya digər ölkələrin teatrlarını dəvət etməsini də təqdirəlayiq hesab etmək olar. Bu, məsələnin bir tərəfidir. Əsas tərəfi isə göstərilən tamaşaların keyfiyyət meyarlarına nə dərəcədə cavab verib-verməməsidir.
Son bir il ərzində Azərbaycana gətirilən rusdilli tamaşalar arasında ən baxımlısı, sözün həqiqi mənasında teatr kanonlarının millimetrinədək ölçü-biçimini özündə qoruyub-saxlayan A.Çexov adına Moldova Dövlət Rus Dram Teatrının tamaşalarıdır. Ötən ilin sonlarında - üç tamaşa (Çexovun «6-cı palata» hekayəsinin motivləri əsasında «Andrey üçün ehtiraslar», J.B.Molyerin «Zorən nikah, yoxsa ər və arvadlar məktəbi» və V.Rabadanın «Cadugər «Ux tı» və balaca pəri») ilə qonağımız olan bu teatr, nəinki sıravi tamaşaçılar, hətta teatr xiridarları üçün də əsl bayram yaşatmışdı.
Sankt-Peterburq Teatr Mərkəzi iki günlük Bakı səfərində Qaston Qorbovitskinin «Aşiq Mopassan» pyesi əsasında rejissor Aleksandr Nevinskinin quruluş verdiyi «Məni möhkəm saxla, sev...» teatral fantaziyasını təqdim etdi.
Hadisələr XIX əsrin ikinci yarısında Fransada cərəyan edir. Ötən əsrin jurnalistikasında hələ yenicə addımlarını atan fransalı bir reportyor Lyabarb (Andrey Noskov) müsahibə almaq üçün qədim bir qəsrə gəlir. Qəsrin sakinləri - kişi sevgisindən, diqqətindən, qayğısından, hətta normal insani ünsiyyətdən belə məhrum dörd tənha qadındır - Markiza de Qayar (Anna Samoxina), Anriyetta de Qayar (Yuliya Rudina), Mariya Antuanetta (Larisa Dmitriyeva), Lora de Puatven (Tatyana Tkaç).
Hisslərin «aclığı» dönəmində jurnalist Lyabarbın qəfil peyda olması dolanbac məhəbbət intriqalarının yaranmasına və qadınlar üçün əsl fürsətə çevrilir. Bütün personajların fərqli motiv və niyyətləri, müxtəlif gizli psixoloji hiss və həyəcanları var, hansı ki, özlərinə belə bəzən etiraf etməyə çəkinirlər. Bax, elə həmin daxili psixoloji məqamlarda yaranan tələm-tələsik məhəbbət, sürətli münasibətlər tamaşanın «dadı-duzu»dur.
Diqqətediləsi bir məqam. Hadisələrin gedişatında dolayısı yolla məlum olur ki, parisli reportyor elə məşhur fransız yazıçsı Gi de Mopassanın özüdür.
… Məhəbbət səhnələri geniş sıralamalarla müşahidə olunur. Hər bir rəqs səhnədə cərəyan edən hadisələri, simvolik olaraq emosiyaları, əhval-ruhiyyəni təcəssüm etdirir.
Lakin məhəbbət avantüraları və qayğısız yumorla dolu bu zərif komediyanın uğuru sanki öncədən aktyorlara hesablanmışdı. Daha doğrusu, onların populyarlığına. Çünki Anna Samoxina, Tatyana Tkaç və Larisa Dmitriyeva nə qədər sovet filmlərindən tanınırlarsa, Andrey Noskov və Yuliya Rudinı da seyrçilərimiz seriallardan seviblər. Elə bu populyarlıq yetərlidir ki, iki günlük tamaşa anşlaqla keçsin. Bunun da birbaşa adı «tamaşaçını aldatmaq» deməkdir. Bənzər hadisə mənə bir neçə il əvvəl S.Vurğun adına Rus Dram Teatrının səhnəsində göstərilən digər bir tamaşanı xatırlatdı.
Yanılmıramsa, paytaxtımızda Rusiya mədəniyyəti günləri keçirilirdi. Həmin tədbir çərçivəsində «Art-partner XXI» teatr agentliyinin istehsalı olan «Aldanma» («İskuşenie») adlı anterpriz taması gətirilmişdi. Bu tamaşada da Rusiyanın məşhur və istedadlı aktyorları, yenə də sovet kinosunun sevilən qəhrəmanları Lyubov Polişuk, Boris Şerbakov və «Briqada» serialından tanınan Sergey Bezrukov iştirak edirdilər.
Daha çox aktyorların populyarlığına hesablanan, «teatr tamaşası» adı altında xalturadan başqa bir şey olmayan oyun. O dərəcədə primitiv ki, hətta ömründə ilk dəfə teatra ayaq basan seyrçi də bunu çox asanlıqla hiss edə bilərdi. Bəlkə də bu tamaşa həmin seyrçinin teatrla ilk və son tanışlığı oldu...
«Məni möhkəm saxla, sev» tamaşasında da bənzər xaltura nəzərdən qaçmadı. Bu, daha çox rejissor traktovkasında ifadə olunurdu. Tamaşanın teatr kanonlarına uyğun düzülməməsi, nə süjetin, nə ideyanın, nə rejissor fikrinin, nə də ana xəttin hardan başlanıb harda bitdiyini aydınlaşdırmaq mümkün deyildi. Rejissor Aleksandr Nevski, 2 saatlıq tamaşanı dağınıq kompozisiyalarla doldurmaqla işini bitmiş hesab edib.
Tamaşanın temporitmində də natarazlıq vardı. Həddən artıq dinamiklikdən doğan gərginlik gah komik, gah da ironik hərəkətlərlə müşayiət olunurdu. Aktyorların hərəkətlərində və mimikalarındakı təkrarçılığı da qeyd etməmək mümkün deyil. Əlbəttə, bütün bunları tarazlamaq, sahmana salmaq rejissorun başlıca vəzifəsi olsa da, nədənsə, Nevski buna ehtiyac duymayıb. İstedadlı aktyorların psixoloji atmosferi «cilalamaq» adına etdiyi cəhdlər yalnız ikinci aktda mümkün oldu. «Cızıqdan çıxmış» tamaşada canlılıq ovqatını qismən də olsa saxlamaqla aktyorlar demək olar ki, rejissorun qüsurunu örtmüş oldular.
Sevda BABAYEVA