Nə cavab verərdin?
   
   
   Bəlkə redaktorlarım yazının adını görən kimi «bu nədir?» soruşub redaktəyə başlayacaqlar. Necə ki, böyüklər uşaqları «redaktə» edə-edə özlərinə çevirir, bu qəliz dünyada öz getdikləri yolun trayektoriyasını bütün suallara bir cavab kimi utanmadan uzadır onlara. Necə ki, onlara sual verməyi tərgidib cavablar öyrədirlər. Necə ki, bu yazını qaralayıram….
   
   …Uşaqlığınızın ilk böyük, sonsuz kədərini xatırlayırsınızmı? Oyuncaq itkisi deyil, böyüklərin acığı deyil, nəsə gedib qayıtmayan bir şey… O şey ki, üzərinizdə böyüklərin hökmündən başqa zamanın hökmünü xatırlatdı. Nəylə ovundurdular sizi, xatırlayırsınızmı? …İlk sevincini, ilk kədərini özündə qoruyan, özüylə böyüdən, bütün təfərrüatlarıyla xatırlayan adamlardan birini tanıdım. Yaradıcı adamdır. Dövlət Pantomima Teatrının aktyorudur. Adı Taledir. Bapbalaca, dünyadan bixəbər bir uşağa bu qədər ağır yüklü ad vermək böyüklərin işidir. Amma necə deyərlər, həm də taledir.
   Uşaqlar ən böyük yaradıcılardır. Bəzən təlimin belə gücü çatmayan yaradıcılar. Çox güman ki, dahilər ilkin assosiasiyalarını, uşaqlığını, yəni orijinallığını qoruya bilmiş adamlardır. Teatr belələrinin yeridir. Tamaşaçılar ora bir qayda olaraq gülsüz gedirlər. Amma Pantomima Teatrı ara-sıra tamaşaçılarına al-əlvan bir «Pantomima buketi» (bu Pantomima Teatrında tamaşanın adıdır) uzadır. Əlbəttə, teatrın nömrələrdən ibarət, daim təzələnən bu tamaşaya çox baxmışam. Amma bu dəfə «buketdə təzə çiçək var» dedilər. Baxdım. Bu solğun bir çiçəkdir. Əlvan uşaq kombinzonu geyinmiş, üz-gözünü rənglərə bulamış, bu görkəmdə küçük kimi sevimli bir uşağın - aktyor Əflatunun balaca qəhrəmanının əlindədir. Uşaq çiçəyi tutub tamaşaçılara baxır - qüssəylə soruşur - «Çiço niyə solusi?» (red. yəni çiçək niyə solur?). Elə nömrənin də adı belədir. Tamaşaçılar bunca sevimli, şəfqət oyadan balacanın qüssəsinə qatılarkən şən, əlində tər güllər tutmuş başqa bir uşaq gəlir. Bu Talenin qəhrəmanıdır. Busa solğun çiçəklini ovutmağa çalışır. Gah gülü dikəldib «solmusi, solmusi» deyir. Gah da «bulud gələr, yağış yağar, gün çıxar, təzə çiçəklər çıxar» deyə təsəlli verir. Bu, əslində bu olum-ölüm reallığının ən babat təsəllisidir. Ən böyük təsəllisə sevgidir. Özünü unudub başqasının kədərini əridəcək qədər sevgi. Tale bala (şərti ad) Əflatunun qəhrəmanını əyləndirir, gah oyuna çəkir, gah mayallaq aşır. Ta bu kədər onun özünə də bərk yoluxanadək. İndi də təzə dostu onu ovutmağa çalışır… tamaşaçılar mütəəssir olur.
   Əlbəttə nömrənin bütün mütəəssir kədəri Əflatunla Talenin oyununda və mövzunun «ilk və əbədi» başlanğıcındadır. Bu proloqdur. Xaqani Hassın kitabının adı kimi, kitabının üzü kimi «böyüməyə proloqomena»dır. Kədərlə ilk təkbətəkdir. Həm də böyüklərin əlacsızlığı, susmağıdır. Amma bu susqunluq özü də uşaq susqunluğunun yanında bir heçdir. Necə ovutmaq, bu bilgisizliyə necə qıymaq, nə cavab vermək? Sevincin «Zemka üçün» adlı şeiri də bunu soruşur….
   
   beş yaşındaykən
   atasını itirmiş qızcığaz
   atasını sorsaydı
   nə cavab verərdin
   məsələn, sən,
   əziz oxucum
   cənnətəmi getdi deyərdin,
   ulduzlaramı, ayamı?
   indi səni görür deyərdin
   günəş kimi, ay kimi
   hər yerdən görünür deyərdin
   atan bir daha gəlməyəcək
   sən qucağına qaçmayacaqsan
   amma səni həmişə sevəcək əvvəlki tək
   deyərdinmi?
   Ya “məni sevsəydi, gedərdimi?” sorsaydı
   nə cavab verərdin
   əziz oxucum
   sevdiyi üçün getdimi deyərdin?
   Allah baba aldımı deyərdin?
   atan ataların ən yaxşısıydı
   Allah baba ona görə aldı deyərdinmi?
   bütün söylədiklərinin
   yalan bir təsəlli
   olduğunu bilə-bilə
   söylərdinmi yenə?
   talehmiş, qismətmiş kimi laflarla
   ovundurardınmı?
   amma mən elə sehrli kəlmə istəyirəm ki,
   o qızın göz yaşlarını
   həmişəlik qurutsun
   susardınmı yoxsa?
   yoxmu elə bir kəlmə
   Allah eşqinə.
   
   Aliyə