Azərbaycan teatrının bu günü hamıya məlum olduğundan, artıq ilk cümləmdən vəziyyətə “tənqid” istiotu səpib, bu vəziyyətin səbəbkarlarının dilini yandırmaq fikrim yoxdur. Onsuz da hər şey göz qabağındadır. Bildiyimiz kimi, teatrlarımız artıq mövsüm tətilinə bağlanıb. Düzdür, bizdə tətil oldu-olmadı, elə də böyük bir fərq sezilmir, mənzərə eynidir: Tamaşaçı rolunu oynamaq istəyən yoxdur ki, yoxdur.
Nə isə, bu həmişəyaşar problemimizi qoyaq bir kənara. Ən azından bu yazını yazmağıma səbəb olan balaca oyunçularımızın qanını qaraltmaq istəmədiyimə görə.
Onlara balaca desəm də, çıxartdıqları oyun heç də boylarına görə deildi, düzü...
Bugünlərdə Bakının ən qədim mədəniyyət evlərindən biri olan İ.Əbilov adına Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyovun “Müsəlmanların halı” adlı felyeton əsasında yumoristik səhnələrdən ibarət bir pərdəli komediya səhnələşdirildi. “Səhnələşdirildi” deməyim sizə heç də böyük gəlməsin. Mədəniyyət mərkəzinin balaca otaqlarından birində təşkil olunan xudmani səhnədə göstərilən balaca bir tamaşa, onlarla böyük səhnələri olan teatrlarımızdan göstərilən tamaşalarımızdan maraqlı idi. Əsas kəmiyyət yox, keyfiyyətdir axı...
Racu Şıxlı Əli oğlunun ssenaristi və quruluşçu rejissoru olduğu tamaşada “Mədəniyyət inciləri” Uşaq Teatr Məktəbinin şagirdlərindən Xan rolunda İsmayıl Əlizadə, Sədr - Tural Bayramov, İntelegent - Sərdar Hüseynov və başqaları çıxış edirdilər.
Əvvəlcə, mərkəzin nə az-nə çox, düz 43 illik bədii rəhbəri olan Mirəhməd Əskərov qonaqları salamlayaraq, onlara öz minnətdarlığını bildirdi. Mədəniyyət mərkəzinin daha çox Ü.Hacıbəyovun ev-muzeyi ilə sıx əlaqədə olmasından danışdı: “Biz hər il sentyabrın 18-i mövsümü Üzeyir bəylə açırıq, bu gün də onunla bağlamaq istədik”. Sonra söz gənc rejissora verildi. O da öz növbəsində dərin təşəkkürünü bildirərək, hamını kollektivin daxili baxış-imtahan tamaşasına baxmağa dəvət etdi.
Tamaşa başlandı. Artıq ilk epizoddan, belə demək mümkünsə, balaca aktyor və aktrisaların oyunu məni yaman cəlb etdi. Hələ yeniyetmə olduqlarına görə və təsəlli vermək, ümidləndirmək xatirinə yox, həmişə sözün düzünü yazmağa çalışdığıma görə, deyərdim ki, ümumən tamaşa həqiqətən də bəyənilməyə layiq idi. Aktyorların oyununda sünilik hiss olunmurdu. Yersiz hərəkətlərə, lazımsız pafosa, qıy-qışqırığa, bir sözlə, başqa tamaşalarda gördüyüm vay-şüvənə rast gəlmədim. Hər şey həddində idi. Ən çox da sərxoş xanımın nəinki hərəkətlərində, hətta nitqində də içkili olduğunu göstərə bilməsi tamaşaçı kimi diqqətimi çəkdi. Elə ilk dialoqlardan ideyanı tutmaq mümkün idi. Millətinin onun haqqında nə düşündüyünü bilməyə can atan xanım “müsəlmanların halı necədir” sualını, sədr “saz kimi” deyə cavab verdi. Doğrudan da, hər şey “saz kimi” idi.
Xan, vəzir, sədr- hamı qorxu içində idi. Bu dəqiqə soyularlar deyə... bu yerdə bir söz yadıma düşdü, deyirlər, çox varlı ilə çox kasıblar gecələr narahat yatar. Biri qorxusundan, biri isə acından... Yazıq, cahil, kasıb müsəlmanların halına acıyan bircə nəfər intellegent də vardı, nə yaxşı ki!
Super yenilik, inanılmaz fərqlilik təəccübləndirici və heyrətimizə səbəb ola biləcək bir şey olmasa da, (Azərbaycan tamaşalarından bunu gözləməyə belə cürət etmirəm)tamaşaya “pis” deməyim yanlış olar. Hələ ki, aktyorlar çox gəncdirlər...
Tamaşadan sonra Ü. Hacıbəyovun musiqi sədaları altında səslənən alqışlar kəsilmək bilmirdi. Sonda isə Azərbaycan Respublikasının əməkdar müəllimi Məlahət Həsənova, Ü. Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov və görkəmli kinoaktyor, rejissor Vidadi Həsənov münsif heyəti olaraq tamaşadan aldıqları xoş təəssüratlarla çıxış etdilər.
Könül Nəcəfova