Brodvey teatrı Amerika Birləşmiş Ştatlarının teatr həyatında mühüm rol oynayır. “Brodvey” sözü teatrın yerləşdiyi Nyu-Yorkun Brodvey küçəsinin adı ilə bağlıdır. Lakin sonradan bu söz digər mənalarda işlədildi. “Brodvey” tamaşa,teatr növü kimi də anlaşıldı. Brodvey teatrları başlanğıcda kommersiya teatrları kimi fəaliyyət göstərirdilər. Müasir Brodvey teatrı isə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdı. Teatrda musiqili komediyalar və dramatik tamaşalar səhnələşdirilirdi. Brodvey teatrının özünün truppası, repertuarı, rejissoru yox idi. Teatrın maddi vəziyyəti də tez-tez dəyişilirdi. Belə ki, 1983-cü ildə bir çox qəzetlər Brodvey teatrlarının çətin maddi vəziyyətindən yazırdılar. Həqiqətən, o zaman 39 teatrdan 15-i bağlanmışdı, lakin sonradan yenə 50 Brodvey teatrından danışmağa başladılar. Teatr öz tamaşalarını dəyişilməz “ulduz” un iştirakı ilə qoyurdu. Truppa bir pyesin üzərində çalışırdı, tamaşa anşlaq keçənə qədər hər gün göstərilirdi. Əgər tamaşa uğurlu olmurdusa, truppa buraxılırdı. Brodvey teatrı uğur qazanan tamaşanı bütün ölkədə göstərirdi. Bəzən Brodvey tamaşası repertuardan bir həftəyə silinir, bəzən illərlə hər axşam nümayiş olunurdu. Məsələn, “Mənim gözəl xanımım” müzikl-tamaşası 7 il səhnədən getmir. Bu tamaşalarda, adətən, güclü maddi vəsait tələb edən bahalı,təmtəraqlı tərtibatdan istifadə edirdilər ki, bunu da “Brodveyin mələkləri” adlanan iş adamları həyata keçirirdilər.Çox vaxt onlar özləri rejissor və aparıcı aktyoru dəvət edib,pyes seçirdilər.
   Brodvey teatrlarının repertuarı “ulduz” rolları üçün uğurlu olan “qorxulu”, dedektiv, «yüngülçəkili» komediya və dramlardan ibarət idi. Brodvey tamaşaları müharibədən sonrakı illərdə “kütləvi mədəniyyət”in əyləncə istiqamətli mədəniyyətin etalonuna çevrilməyə başladı. Hər zaman romantik qəhrəmanlar və gözəl qadınlar, elitanın komfortlu həyatı, burjuaziya təmtərağı Brodvey tamaşası üçün vacib idi. Bu teatrın aktyorlarına etalon hərəkəti, stili, eyni dəbi tapşırırdılar. Brodvey tamaşası amerikanların dünyada ən xoşbəxt,varlı və azad insan olduqlarını nümayiş etdirirdi. Belə ki, biletlərin qiymətinin baha olması tamaşanın hər kəsin - orta təbəqə insanlar üçün deyil, “xoşbəxt amerikanlar” üçün nəzərdə tutulurdu.
   Brodvey teatrının quruluşları İkinci Dünya müharibəsindən sonra xüsusi səciyyə daşıyır. Tamaşaların hazırlanması həddindən artıq baha olur, dramatik tamaşaların dekorasiyası 100 min dollara, müzikl isə 500 min dollara hazır olurdu. Ancaq 1985-ci ildə Brodveydə 5-8 milyon dollara başa gələn tamaşanın gəlirdi ki, bileti 40-50 dollar idi.
   Klassik tamaşalar Brodveydə nadir halda qoyulur, repertuarda az müddət saxlanılırdı. Brodvey teatrının tarixinin bir səhifəsi rejissor Elii Kazanın fəaliyyəti ilə bağlıdır. O, 1941-ci ildə Brodveyin görkəmli simasına çevrilir. Kazan həyati məsələləri qabardan ciddi pyeslər qoymağa çalışırdı. Onda bu hələ mümkün idi. Əsasən Amerika klassikləri Uilyams və Millerin pyeslərinə müraciət edirdi. Kazan Brodveydə Artur Millerin 3 pyesini səhnələşdirmişdi. Rejissor olduğu “Bəxti gətirən insan” tamaşası uğursuz alındı. Lakin 1945-ci ildə səhnəyə qoyduğu “Mənim oğullarım” böyük uğur qazanır. Kazan bir rejissor kimi Stanislavski sisteminin pərəstişkarı idi. Quruluş verdiyi tamaşalarda psixoloji tərəfi önə çəkirdi.
   Müzikl janrını amerikanlar özlərinin XX əsrdə ən böyük töhfəsi hesab edirlər. Artıq neçə illərdir ki, Brodveydə əsl müzikl mədəniyyəti mövcuddur.
   Brodvey tamaşalarında Amerikanın ən yaxşı aktyorları - Kornell, Lant, Klermen, Kazan iştirak ediblər. Brodveydə məşhur “ulduz” lar Elizabet Teylor və Riçard Bayron oynayıblar.
   Amerikanlar özləri hesab edirlər ki,Brodvey Amerikada yeganə yerdir ki,oradan bütün Amerikaya səslənmək olar.
   Hazırladı:
   Aygün SÜLEYMANOVA