İl təzələndikcə adamların keçmişə nəzər salıb yola saldıqları ili necə keçirdiklərini xatırlamaq kimi bəlkə də pis vərdişləri var. Hər halda, praqmatik adamlar qəzetlərdə bu cür xülasə tipli məqalələri oxumağa, efirdən rəsmilərin Yeni il axşamı hesabat tipli təbrik çıxışını dinləməyə həvəs edirlər. Bu xülasələr bir borc kimidir. İstər-istəməz bu barədə danışmalısan.
   
   İl təzələnir. Nəyisə illərin dəyişəcəyini gözləmək ən azı tənbəllikdir. Amma bir zaman kəsiyində necə inkişaf etdiyini, ya da etmədiyini bilmək işgüzarlıqdır.
   Yaradıcı adamlar üçün bu proses dözülməzdir. Amma nədənsə teatrın il ərzində kolxoz zamanlarındakı kimi "əmək məhsuldarlığını" nəzərdən keçirməyə həvəsli olursan.
   Bu il teatrımız nə işlər gördü, hansı proseslər hadisələrdən keçdi? Nələrlə uğraşdı?
   Bu suallara cavab tapmaq üçün ilin bir neçə əsas, əlamətdar hadisələrini xatırlatmaq gərəkir. Hərçənd bəndəniz hadisə deyəndə yalnızca yaxşı tamaşaları nəzərdə tutur, amma...
   Bu il teatr islahatlarının reallaşdığı il oldu. Üç teatr - Bakı Kamera, Dövlət Gənclər və Gənc Tamaşaçılar teatları vahid truppada birləşdi. Yenicə təmirdən çıxmış Gənc Tamaşaçılar Teatrında tamaşalar göstərilib repertuar bəlli oldu. Hərçənd narazılıq mızıltıları çox eşidildi, amma bu barədə bir az sonra...
   Gəncədə paytaxt və əyalət teatrlarının bütün imkanlarını üzə çıxaran bir festival keçirildi. "Yeni teatr" festivalının prosesdə canlanma yaratmaq kimi aspektindən başqa, özünü özünə tanıtmaq kimi bir mənfəəti oldu. Hərçənd çox teatrlar və teatrallar bununla razılaşmadı. "Yeni teatr" deyilənin nə qədər geri olduğu "kor-kor, gör-gör" aydın olsa da, festival sonrası müzakirələrdə böyük inkişafdan, nailiyyətlərdən, möhtəşəm keçmişdən, qüdrətli sənətkarlardan danışıldı. Sanki ortada bir ölü varmış, hər kəs onun sağlığında, cavanlığında necə igid, gözəl, qüdrətli, möhtəşəm olduğunu və elə bu gün də pis görünmədiyini xatırladırdı. Amma yenə də həqiqət elə bir şeydir ki, nə zamansa mütləq üzləşirsən və bu zaman nə edəcəyin öz işindir.
   "Yeni teatr" festivalına hər teatr ən yaxşı tamaşasını gətirmişdi. Mövzu-problematikalar və onların həlləri... XXI əsr... bu gün... Tamaşalar bir türlü həyata, bu günün həqiqətlərinə toxuna bilmirdi. Əlbəttə, alqış qazanan tamaşalar da oldu, camaatın güldükləri də, əyləndikləri də. Hətta bəzilərinə camaat sözün birbaşa mənasında güldü.
   Hələ ki, məsələ forma və ifadə vasitələrində yox, məzmundan gedirdi. Yaxşı xəbər o oldu ki, qarşıda paytaxtda və əyalətlərdə bizi beynəlxalq festivallar gözləyir. Bax, bu artıq başqa məsələdir. Hərçənd beynəlxalqdan əvvəl bir yerli festival keçirmək zəruri idi və Gəncədə keçirilən "Yeni teatr" festivalının timsalında keçirildi də.
   
   Repertuar məsələsi
   
   İlin son ayları teatr dedi-qoduları ilə dolu idi. Hər cür söz-söhbəti dəhşətli xof ilə içində saxlayan teatrlardan xəbərlər sızmağa başladı: islahatların lehinə və əleyhinə çıxanlar oldu, razılıqlar və narazılıqlar bildirildi, amma ən absurd və gülməli görünəni akademik teatrın məşhur aktyorlarının Gənc Tamaşaçılar Teatrının yeni repertuarına etiraz idi (?) Guya Gənc Tamaşaçılar üçün "Şeyx Sənan", "Otello", "Hekayəti, xırs quldurbasan" ağırdır. Guya bu teatr akademik teatrın repertuarını oğurlayır. Buna ancaq gülmək lazımdı. Və bu fakt teatrların, ya da orada çalışanların əksərinin nə qədər yaradıcı münasibətdən uzaq olduğunu, konveyer təfəkkürüylə çalışdığını ortaya çıxaran bir şeydi.
   
   Perspektivlər
   
   Əlbəttə ki, yaxşı olmalıdır. Qabaqda bizi beynəlxalq statuslu Çexov festivalı gözləyir. Teatr Xadimləri İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirəcəkləri festival gələn ilin payızında baş tutmalıdır.
   Teatrlar təmirdən çıxıb yaradıcı heyətə təhvil veriləcək. İş qalıb yalnız işləməyə. Gənclər xarici ölkələrin teatrların iki-bir, üç-bir təcrübə keçməyə göndərilir. Bu az deyil, necə deyərlər, "Kor nə istər: iki göz, biri əyri, biri düz".
   Dövlət Yuğ Teatrı, Akademik Milli Dram Teatrı təmir olunur, az sonra Opera və Balet Teatrı da təmirə bağlanacaq.
   
   İki rəy
   
   Builki teatr prosesi nələrlə yadınızda qaldı, nə əlamətdar hadisələr yaşandı?
   Bu suallarla teatrşünaslara müraciət etdik. Bu, prosesə ümumi nəzər salmaqdan çox yola saldığımız ilin teatr həyatını xatırlamaqdır. İlk müsahibimiz bu il nə az, nə çox üç festivalda iştirak etmiş, teatrşünas-alim Aydın Talıbzadədir: "Sualınıza cavab olaraq bir neçə məqamı vurğulamaq istərdim. Mənə ilk növbədə bu il təmir olunub istifadəyə verilmiş Gənc Tamaşaçılar Teatrının foyesinin super dizaynı xoş təsir etdi.
   Bu il ərzində Tatarıstanda, Misirdə və Gəncədə festivalda oldum. Hər biri özünəməxsus yer tutdu. Öz təsir gücünə görə Gəncə festivalı bunların heç birindən geri qalmadı. Mən anladım ki, teatrların bir yerə qatılmasına və fikir mübadiləsi aparmasına ehtiyac var. Məncə, bu ənənə davam etməlidir.
   Qahirə festivalı fikir dünyamda bir hadisə oldu. Təbii ki, “Yuğ” Teatrının 200 seyrçi arasında lokal bir məkanda uğuru mənə böyük təsir etdi. Tatarıstan festivalında gördüyüm türk rejissoru Ülviyyə Qaracanın "Kəloğlan" tamaşası hafizəmdə silinməz iz buraxdı.
   Dövlət Pantomim Teatrında gördüyüm "Adsız" tamaşası və teatrın tamaşasonrası müzakirələr ənənəsi öz canlılığı ilə yaddaqalan oldu.
   Həm də il hələ ki, başa çatmayıb. Vaqif İbrahimoğlunun hazırladığı "Tülkü tülkü tünbəki" tamaşası olacaq və bundan çox şey gözləyirəm.
   Son olaraq Rus Dram Teatrında gördüyüm "Cəhənnəm kirayənişinləri" tamaşasını qeyd etmək istəyirəm. Bu tamaşa məndə 1937-ci il hadisələrinə yeni münasibəit formalaşdırdı və yeni düşüncə spektri müəyyənləşdirdi. Bütün bunlar Azərbaycan teatrının problemlərini pərdələməsə də, 2009-cu il Azərbaycan teatrının uğurlarından xəbər verir".
   Professor Məryəm xanım Əlizadə isə son zamanlar teatr baş verən yeniliklərlə bağlı əhval-ruhiyyəsini bölüşdü: "Teatrla bağlı prezidentin məlum sərəncamı, teatr haqqında qanunun qəbul olunması, Mədəniyyət və Turizm Nazirliyinin teatrların onillik inkişaf proqramı və bundan irəli gələn tədbirlər, teatrda aparılan təmir-təhciz işləri məndə teatrlarımızda başlayan yüksəliş fikri, təəssüratı yaradır. Məncə, dövlət hər şeyi edir. Məsələnin yaradıcı tərəfi açıq qalır, yəni iş teatr sənətkarlarına qalıb". 
   

Aliyə
  

 P.S. Deyirlər, yeməkdən ümid yaxşıdır. Amma təqvimin yuvarlaqlanması fonunda ümid, yoxsa tamaşa, teatr "yeyəcəyimiz" hələ də sual altındadır.