Türk dünyası xalqları arasında əlaqələri, bağları gücləndirən, qəlblərdə hiss edilən ən önəmli bayramlardan biri olan Novruz hər il böyük təntənə ilə qeyd olunmaqdadır.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 21 mart Beynəlxalq Novruz Günü elan olunub və bu bayram artıq ümumbəşəri səciyyə kəsb etməkdədir.
Novruzun qədim mədəni irs nümunəsi olaraq dünyada təbliğinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY da mühüm töhfələr verir. TÜRKSOY hər il bayramı üzv ölkələrlə birlikdə geniş qeyd edir. Bu il isə bu bayram UNESCO-nun qurulmasının 70 illiyi münasibətilə Fransanın paytaxtı Parisdə müxtəlif tədbirlərlə qeyd olunacaq.
Martın 21-də TÜRKSOY tərəfindən Ankarada rəsmi bayram tədbiri keçiriləcək və bunun ardınca martın 24-də Parisdə tamaşaçılar qarşısına çıxan türk dünyası sənətkarları Yeni ilə, bahara birlikdə “xoş gəldin” deyəcək. Türk dünyası ölkələrindən 100-ə yaxın sənətkarın Parisdə keçirəcəyi bayram tədbirinə UNESCO-nun baş katibi İrina Bokova da qatılacaq.
TÜRKSOY-a üzv ölkələrin müvafiq nazirliklərinin əməkdaşlığı ilə həyata keçiriləcək bu tədbirlər çərçivəsində türk dünyasının ortaq adətləri və bəşəriyyətin qeyri-maddi mədəni mirası - Novruz dünyada coşqu ilə qarşılanacaq.
Bayram tədbirlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiyaya daxil olan Altay, Başqırdıstan, Hakasiya, Çuvaşiya, Tıva, eyni zamanda Qaqauz Yeri (Moldova), Şimali Kipr Türk Respublikası, Çin Xalq Respublikasından gələn dəyərli sənətkarlar iştirak edəcək.

Mehparə