Svetlana Bulax həyatını Bakı səhnəsi ilə bağladığı üçün xoşbəxtdir
      
   Musiqili Komediya Teatrı üçün belə insanlar əsl tapıntıdır - həyatda sevinməyi bacaran və ruhən hələ də yeniyetmə, gənc olan yaradıcı kəslər... Svetlana Bulax da belələrindəndir - ömrünün yarıdan çoxunu «böyüklər üçün nağıl» hesab etdiyi musiqili komediya janrına həsr edən həmsöhbətimiz bu gün də səhnədə olmağından məmnundur: «Mən xoşbəxt insanam, çünki bu vaxta qədər səhnədəyəm. Sevə-sevə təqdim etdiyim rollar və məni sevən tamaşaçılarım var. Xoşbəxtəm ki, mənim əməyim diqqətdən kənarda qalmayıb. 60 yaşımın tamam olması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin, şəxsən nazir Əbülfəs Qarayevin göstərdiyi qayğıya görə minnətdaram. Hər bir sənətkar üçün çəkdiyi zəhmətin qiymətləndirilməsini görmək gözəl hissdir. Bunu sözlə ifadə etmək çətindir...»
   
   
   Svetlana xanımın musiqili komediya janrı ilə doğmalığı hələ orta məktəbin 6-cı sinfində oxuyarkən başlayıb. O vaxt sinif yoldaşları ilə birlikdə Şarl Perronun «Küllü qız» nağılını səhnələşdiriblər.
   S.Bulax: «O vaxtlar belə yazıçıların kitablarını tapmaq çox çətin idi. Amma bu nağıl yadımızda çox yaxşı qalmışdı. Elə tamaşanı da yaddaşımıza güvənib hazırladıq. Siz hələ görün, özümə hansı obrazı götürmüşdüm? Ögey ananı».
   Svetlana Bulax Ukraynanın Donetsk vilayətində dünyaya gəlib. Musiqili komediya üzrə təhsili Kiyevdə alıb. Krivoy Roq Dram və Musiqili Komediya Teatrında çalışdığı illərdə maraqlı obrazlarla çıxış edib. Gələcək həyat yoldaşı ilə də teatrda görüşüb - onu tamaşada görüb bəyənən bir hərbçi az sonra Svetlanaya evlənmək təklifi edib. Cütlüyün Bakıda məskunlaşması Svetlana xanımın həyat yoldaşının peşəsi ilə bağlıdır. Bir neçə il Almaniyada yaşayandan sonra onlar Bakıya köçürlər.
   S.Bulax: «Almaniyada yaşadığımız müddətdə teatrda çalışmasam da, Zabitlər Evində müziklləri, operettaları tamaşaya qoymaqla məşğul olurdum ki, formamı itirməyim. Hamıya böyük zövq verirdi bu tamaşalar. Biz aktyorlar qəribə adamlarıq - işləməsək, ölərik. Bakıya köçəndə aprel ayı idi. İndiki kimi yadımdadır, çox gözəl şəffaf, günəşli hava idi. Küçədə gənc, gözəl, gülərüz qızları görəndə sənətimdə yaranmış fasilənin doğurduğu stress bir az da artdı. Başa düşdüm ki, bu yaşda, yad şəhərdə hər şeyi yenidən başlamaq çox çətin olacaq. Bakıda Musiqili Komediya Teatrının varlığından xəbərsiz olduğum üçün ilk üz tutduğum ünvan Rus Dram Teatrı oldu. Hacı Murad Yagizarovla qarşılaşanda bu teatrda çalışmaq istədiyimi bildirdim. Biləndə ki, təhsilim teatrın musiqili komediya janrı üzrədir, dedi ki, mənim yerim Musiqili Komediya Teatrıdır. Dərhal Musiqili Komediya Teatrına gəldim, mərhum direktor Balağa Qasımova müraciət edib bu teatrda işləmək istədiyimi bildirdim. Yaşımı biləndə dedi ki, 34 yaşında yenidən başlamaq gec deyilmi? Cavab verdim ki, mənim hələ 33 yaşım var».
   Elə bu şuxluğu, özünə inamı ona dayaq oldu. Komissiyanın qarşısında «Sevastopol valsı», «Azad külək» və Silva» əsərlərindən partiyaları ifa edərkən tərəf-müqabilləri ilə ekspromt yeniliklərə də meydan verdi və beləliklə mütəxəssislərin tələbkarlığını təmin etdi. Onun rejissorluğa həvəsi elə ilk vaxtlardan səhnədə öz ifadəsini tapdı - «Qızıl cücə» və «İki küpəgirən qarı» tamaşalarını bərpa etdi, «Hə, canavar, dayan görüm» tamaşasına isə quruluş verdi.
   S.Bulax Ş.Qurbanov adına musiqili Komediya Teatrının səhnəsində qoyulan Azərbaycan və dünya bəstəkarlarının əsərlərində ən müxtəlif obrazlar yaradıb. «Bayadera», «Məlikməmmədin macəraları», «Trimbita», «Bir dəfə Bağdadda», «Yolayrıcı», «Qəribə həkim», «Qırmızıpapaq», «Nəsrəddinin sonuncu məhəbbəti» və s. Onun yaradıcılıqdakı ən parlaq təəssüratı Emin Sabitoğlunun qələmə aldığı və Cənnət Səlimovanın quruluş verdiyi «Bir dəfə Bağdadda» musiqili komediyası ilə bağlıdır.
   S.Bulax: «Emin Sabitoğlu ilə işləmək son dərəcə xoş idi. Hər bir ifaçıya fərdi yanaşmağı bacaran bəstəkarlardan idi. «Qırmızıpapağ»ın da musiqisini o yazmışdı. Tamaşalar da təbii ki, çox gözəl alınmışdı. Mənim teatrda hələlik son işim Üzeyir bəyin ölməz «Arşın mal alan» operettasında Cahan xala obrazıdır. Bu tamaşanı gənc rejissor Elvin Mirzəyev qoyub. Gənclərlə işləmək çox maraqlıdı. Biz onlardan öyrənirik, onlar isə bizdən. Uzun müddət Cahan xalanın replikalarını söyləyərkən Ukrayna ləhcəm özünü biruzə verirdi. Amma obrazımın libasını geyinəndən sonra hər şey yoluna düşdü. Bir də həyətdə oynayan qızların danışığına fikir verib Azərbaycan dilinin intonasiyasını tutdum. Tamaşadan sonra hamı deyir ki, tamaşaçılar səni azərbaycanlı bilirlər. Təsəvvür etməzsiniz ki, bunu eşitmək necə xoşdur...»
   Geniş tamaşaçı kütləsi Svetlana xanımı Ramiz Fətəliyevin «Məhəllə» filmindən də yaxşı tanıyır. Onun ifasındakı Dusya müasir tipajın ekranda inandırıcı detallarla çatdırılmasının parlaq nümunəsidir. Svetlana xanım bizimlə söhbətində bildirdi ki, bu rolda çəkiləcəyindən çox qəfil, çəkiliş qrupu Moskvaya yola düşəndə xəbər tutub. Mətnlə vaqondaca tanış olub, elə orda da məşq ediblər.
   Mayın 28-də Svetlana Bulaxın yubileyidir. Özünə, teatrına və tamaşaçılarına nə arzuladığını soruşanda dedi ki, özünə bundan sonra da insanlara sevinc bəxş etməyi, teatra yeni-yeni uğurlar, tamaşaçılara isə tamaşaya bayrama gəldikləri kimi gəlməyi arzulayır. Biz isə Svetlana xanımı təbrik edir və arzularının çin olmasını diləyirik.
   
   Samirə Behbudqızı