C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı uzun fasilədən sonra Avropa dramaturgiyasına müraciət edib. Teatrın direktoru, Xalq artisti Kamran Quliyevin verdiyi məlumata görə, mədəniyyət müəssisəsində tamaşanın məşqlərinə başlanılıb. Görkəmli alman dramaturqu, incəsənət nəzəriyyəçisi və maarifçisi Qothold Efraim Lessinqin “Müdrik Natan” əsərində dini ayrı-seçkiliklə mübarizə, dinlərin insanları birliyə, sülhə çağırışı təbliğ olunur.
   Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı muxtar respublikanın Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı İmamqulu Əhmədovdur. Səhnə əsərinin təqdimatı iyul ayında keçiriləcək.
   Qeyd edək ki, bu il teatr Müzəffər Nəsirlinin şairə Qönçəbəyimin həyatından bəhs edən “Qönçəbəyimin nəğməsi” pyesini səhnələşdirib. Mədəniyyət müəssisəsi bu il görkəmli ədəbiyyatşünas alim, tənqidçi Məmməd Cəfərin “İnsanlar və talelər” əsərini də tamaşaya qoyacaq.
   Ceyhun