Mayın 31-də Bakı Uşaq Teatrı Türkiyənin Ərzurum şəhərində keçirilən teatr festivalından uğurla qayıdıb. Teatrın rəhbəri İntiqam Soltan səfər təəssüratı ilə yanaşı, teatrın yeni layihələrindən də danışdı.
   
   - Bu il teatrınız üçün uğurlu başlayıb. Bildiyimizə görə, artıq bir neçə teatr festivalında iştirak etmisiniz...
   - Doğrudur, son üç ayda üç teatr festivalında iştirak etmişik. Martın sonunda Ankarada IV Etnos-Ankara Uluslararası teatr festivalında O. Henrinin “Allahın bəlası” əsəri əsasında hazırladığımız tamaşa ilə çıxış etmişik. Əslində bu tamaşanın premyerasını festivalda keçirdik. Tamaşa yüksək səviyyədə qarşılandı və uğurlu tamaşa kimi yadda qaldı. Bu tamaşadan sonra üç teatr festivalına dəvət aldıq. Aprel ayında İstanbulda keçirilən festivalda “Qızıl dərili” tamaşası ilə çıxış etdik, Türkiyənin Ərzurum vilayətinin Gənclər və İdman İdarəsinin dəvətilə bu şəhərdə keçirilən teatr festivalından isə yenicə qayıtmışıq. Bu teatr festivalında “Vətən” tamaşası ilə çıxış etdik.
   - Tamaşanın olduqca uğurlu adı var. Necə oldu ki, bu mövzuya müraciət etdiniz və tamaşanın ideyası necə yarandı?
   - Teatr yaranarkən ilk ideyalarımdan biri bu olmuşdu ki, himnimizi səhnələşdirim. Himni, bayrağı ürəkdən sevmək hissini böyüyən gənc nəsillərə aşılamaq üçün qərara gəldim ki, himn və bayrağın birliyi olan bir tamaşa hazırlayaq. Sonda bu ideyam gerçəkləşdi. 30 dəqiqə ərzində himnin, bayrağın yaranmasını, bir millətin keçdiyi yolu tamaşada göstərə bildik. Gənc bəstəkarlar Mahir İbrahim və Firudin Məhərrəmli heç nəyə toxunmadan Azərbaycan himninin ladları üzərində işləyiblər.
   Tamaşada daha çox rəngləri təqdim edirik. Rənglər siyasi mənalarına, rəmzlərinə qədər qabarıq göstərilir. Sonda üç rəngin birləşməsi bayrağın yaranmasına, bayrağın yaranması himnin yaranmasına, himnin yaranması dövlətin yaranmasına şərait yaradır. Əgər bayraq, himn, dövlət varsa, millət də var. Bunların hamısı bir-biri ilə sıx bağlıdır. Bu tamaşada uşaqlara bayrağı, himni sevdirməklə dövləti, dövlətçiliyi sevdirmək istəmişik.
   - “Vətən” tamaşası Türkiyədə necə qarşılandı?
   - Tamaşaçılar himnin yaranması səhnəsində ayağa qalxdılar və sona kimi tamaşanı ayaq üstündə izlədilər. Bu çox təsirli səhnə idi. Ərzurumda Azərbaycana qarşı o qədər sevgi gördük ki, bunu sözlə ifadə etmək çox çətindir...
   - Festivalda neçə teatr iştirak edirdi?
   - Festivalda 20-ə yaxın teatr iştirak edirdi. Bakı Uşaq Teatrı festivalda yeganə uşaq teatrı idi. Bizim tamaşamız 13 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulsa da, daha çox böyüklər tamaşaya gəlmişdilər. Tamaşada üç aktyor iştirak edirdi: Ruslan Mürsəlov, Rauf Hüseynov, Cavanşir Məhərrəmov. Əvvəlcə yığcam kollektivlə çıxış edəcəyimizə bir qədər qəribə baxdılar. Çıxış edəndən sonra aydın oldu ki, bir tamaşada cəmi üç nəfər aktyorun iştirak etməsi, dekorasiyanın olmaması önəmli deyil, önəmli olan mövzunun seçilməsi, mövzuya qarşı olan sevgi, rəğbətdir.
   Tamaşadan sonra maraqlı təkliflər aldım ki, bunlardan biri də Ərzurumda uşaq teatrı yaratmaq təklifi idi. Bildiyimə görə, Türkiyədə belə bir teatr yoxdur. Mənim də arzularımdan biri Türkiyədə uşaq teatrı yaratmaqdır.
   - Hazırda teatrınızın repertuarında neçə tamaşa var?
   - Repertuarımızda 25-ə yaxın tamaşa var. Amma təəssüflər olsun ki, yer problemimiz var. Teatrımız H.Sarabski adına Mədəniyyət evində yerləşir. Dekorasiyaları açıq havada saxlamağa məcbur oluruq. Bakı Uşaq Teatrı Cənubi Qafqazda yeganə uşaq teatrıdır. Bu teatrda yüksək zövqlü tamaşaçılar yetişdirmək mümkündür. Çünki Kukla Teatrı ilə Gənc Tamaşaçılar Teatrı arasında bir boşluq var. Bu boşluğu Uşaq Teatrı doldurmalıdır.
   - Yeni layihələr barədə nə deyə bilərsiniz?
   - Son zamanlar teatrımızda xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr truppası yaratmışıq. Teatrın nəzdindəki studiyada bu uşaqlar sağlam uşaqlar və peşəkar aktyorlarla birlikdə tamaşalarda oynayırlar. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün böyük mənəvi dayaqdır. Yaxın vaxtlarda teatrımızın “Uşaq teatrı” adlı qəzeti də işıq üzü görəcək. Məqsədimiz uşaqları teatrla bağlı hərtərəfli maarifləndirməkdir.
   Yeni layihələrimizdən biri də küçədə tamaşalar göstərməkdir. Bunun üçün əvvəlcədən icazə alıb hansısa bir ərazidə tamaşa göstərəcəyik. Tamaşaçı üçün maraqlıdırsa, tamaşanı sona kimi izləyəcək, yox onun üçün maraqsızdırsa çəkilib gedəcək. Repertuarımızda olan “Allahın bəlası” tamaşasını iki variantda hazırlamışıq. Qapalı məkanda və meydanda nümayiş etdirmək üçün. Dünya o qədər yeniliyə can atır ki, biz yalnız klassik tamaşalarla tamaşaçını əlimizdə saxlaya bilmərik. Klassikaya zərər vurmadan mütləq yeni addımlar atmalıyıq.
   
   Təranə Məmmədova