Qax şəhərində II Respublika Kukla Teatrları Həftəsinə start verildi
İyunun 17-də Qax şəhərində II Respublika Kukla Teatrları Həftəsi başlandı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu sənət bayramına Azərbaycan Dövlət Kukla Teatrı (Bakı), Naxçıvan, Gəncə, Salyan və Qax dövlət kukla teatrlarının hər biri iki tamaşa ilə qatılıb.
Açılış günü festival iştirakçıları şəhərdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçək dəstələri qoydular. Sonra Qax Dövlət Kukla Teatrının həyətində festivalın təntənəli açılışı oldu. Yerli musiqiçilər qonaqları şux mahnılarla qarşıladılar.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev iştirakçıları salamlayaraq belə bir tədbirin Qax şəhərində keçirilməsindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, ölkədəki sosial-iqtsadi inkişaf fonunda mədəni həyat daha da canlanır, respublika və beynəlxalq miqyaslı festivallar, bayramlar paytaxtdan bölgələrə daşınır. Ölkədəki 27 dövlət teatrından 5-nin kukla teatrı olduğunu vurğulayan M.Şəkiliyev kukla teatrlarının fəaliyyətinə belə bir diqqətin çox önəmli olduğunu söylədi.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadə Kukla Teatrları Həftəsinin vacibliyindən, müxtəlif teatrlarda çalışan insanların bir-biri ilə təcrübə və fikir mübadiləsinin əhəmiyyətindən danışdılar.
Musiqi və atəşfəşanlıqla müşayiət olunan açılış mərasimi teatr salonunda davam etdi. Həftənin ilk günü ev sahibləri səhnəyə çıxdılar. Qax Dövlət Kukla Teatrı «Turp» rus xalq nağılının əsasında hazırlanmış çox maraqlı bir tamaşanı teatrsevərlərə təqdim etdi. Hər kəsin bildiyi bu nağıl tamam başqa tərzdə, alışdığımız standartlardan fərqli bir estetikada təqdim edildiyindən çox maraqlı idi. Tamaşanın sonluğu təkcə balaca tamaşaçıları deyil, böyükləri də təsirləndirdi.
Bu gün (18 iyun) I Respublika Kukla Teatrları Həftəsinə ev sahibliyi etmiş gəncəlilər şirma arxasına keçərək öz məharətlərini göstərəcəklər.
Onlar «Şəngülüm, Şüngülüm, Məngülüm» xalq nağılı əsasında hazırlanmış tamaşanı, bir də Rafiq Səməndərin «Çətin tamaşa» pyesini oynayacaqlar.
Gülcahan Mirməmməd,
Qax