Beynəlxalq teatr konfransının ardınca Çexov Teatr Festivalının «İpək yolu» mərhələsinə start verilir
   
   Noyabrın 8-də Bakıda başlanan beynəlxalq teatr forumu yeni tədbirlərlə davam edir. Dünyanın 30-dək ölkəsinin təmsilçilərinin iştirak etdiyi I Bakı Beynəlxalq Teatr Konfransının (9-10 noyabr), tanınmış teatr mütəxəssislərinin yer aldığı seminarların (8, 11 və 12 noyabr) ardınca daha bir teatr bayramına - Çexov adına Beynəlxalq Teatr Festivalının «İpək yolu» adlı mərhələsinə start verilir.
   
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Teatr Xadimləri İttifaqı, “Procent” şirkəti, eləcə də Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iştirakı ilə təşkil olunan festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən həyata keçirilir.
   Noyabrın 11-də festivalla bağlı keçirilən mətbuat konfransında Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri Azər Paşa Nemət, “Procent” şirkətinin baş direktoru Ələkbər Tağızadə, Çexov Teatr Festivalının vitse-prezidenti Mariya Malkina, eləcə də əfsanəvi aktyor Çarli Çaplinin nəvəsi Aureliya Tyere, fransalı aktyor Ceymi Martinos, prodüser Fredirik Russo iştirak ediblər.
   Azər Paşa Nemət Azərbaycan paytaxtında keçiriləcək festivalın əhəmiyyətindən danışıb və Bakı səhnəsində Fransa, Kanada və Belarus teatr kollektivlərinin çıxış edəcəyini deyib. O, Çexov Teatr Festivalının “İpək yolu” mərhələsinin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən təşkil edildiyini nəzərə çatdırıb.
   Çexov Teatr Festivalının vitse-prezidenti Mariya Malkina Azərbaycanda festivalın “İpək yolu” layihəsini həyata keçirməsindən məmnunluğunu dilə gətirib. Festival çərçivəsində nümayiş olunacaq ilk tamaşa - “Aureliyanın oratoriyası” barədə məlumat verən M.Malkinanın sözlərinə görə, tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı Çarli Çaplinin qızı - Aureliyanın anası Viktoriya Tyeredir.
   Fransanın “Kiçik saatlar şirkəti” tərəfindən hazırlanan “Aureliyanın oratoriyası” tamaşası “Yeni sirk” janrına aid edilən, teatr və sirk elementlərinin sintezindən ibarət səhnə əsəridir. Tamaşada klounada, sirk tryukları, illüzionizm, rəqs, pantomima və kukla teatr elementləri yer alıb: “Söz, danışıq olmayan bu tamaşanı hamı başa düşə bilər. “Aureliyanın oratoriyası” 2009-cu ildə Moskvada nümayiş olundu. Hələ belə anşlaq görməmişdik. Moskva tamaşaçıları o aktyorlara vurulmuşdu. Çox ümid edirəm ki, Azərbaycan tamaşaçıları da o cür xoş təəssüratlar qazanacaqlar”.
   Çarli Çaplinin nəvəsi, tamaşanın əsas obrazının ifaçısı Aureliya Tyere də anasının məhz onun üçün hazırladığı bu tamaşa haqqında məlumat verib. O, anasının hazırda xarici turnedə olduğu üçün Azərbaycana gələ bilmədiyini deyib.
   Qeyd edək ki, “Aureliyanın oratoriyası” noyabrın 12, 13 və 14-də Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. Festivalın proqramına daxil olan digər iki tamaşa Rusiya-Belarus sənətçilərinin hazırladıqları “Toy” və Kanada teatrının səhnələşdirdiyi “Yağış” tamaşalarıdır.
   Moskvalı rejissor Vladimir Pankovun Yanka Kupala adına Belarus Akademik Dram Teatrının bazasında səhnələşdirdiyi “Toy” tamaşasına teatrsevərlər noyabrın 20, 21, 22-də Gənc Tamaşaçılar Teatrında baxa biləcəklər.
   Kanadanın tanınmış Eluaz sirkinin “Yağış” tamaşası 2003-cü ildən bütün dünyada uğurlu qastrol səfərlərinə çıxıb. Tamaşanın rejissoru Daniele Finse Paskadır. Publikanın sevimlisi olan Daniele Finse Paska həm rejissor, yazıçı, xoreoqraf, həm də kloundur. “Yağış” tamaşası noyabrın 25-dən 30-dək Rus Dram Teatrında göstəriləcək.
   Festival noyabrın 30-da yekunlaşacaq.
   Qeyd edək ki, görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexovun adını daşıyan beynəlxalq teatr festivalı 1992-ci ildə təsis olunub. Hazırda bu, dünyanın ən nüfuzlu teatr festivallarından biridir. Çexov festivalı həm də teatr ideyaları, yaradıcı görüşlər, diskussiyalar, “dəyirmi masalar”ın mübadiləsidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar