Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin yüzüncü yubiley tamaşası göstərilib.
   
   Tamaşada Daşkənddəki xarici ölkə səfirliklərinin əməkdaşları, Özbəkistanın ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. Tamaşanın baletmeysteri Özbəkistanın Xalq artisti İbrahim Yusupov, dirijoru SSRİ Xalq artisti Dilbər Əbdürrəhmanovadır.
   Azərbaycanın və Özbəkistanın Xalq artisti, teatrın aparıcı rejissoru Firudin Səfərov bildirib ki, bu ölməz əsər 1997-ci ildən teatrın repertuarındadır və bütün tamaşalar anşlaqla keçir. Ümumiyyətlə, Özbəkistanda Azərbaycan bəstəkarlarının əsərlərinə maraq böyükdür və ayrı-ayrı vaxtlarda Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz” operaları Daşkənd teatrlarında, Fikrət Əmirovun “Sevil” operası ilə Səmərqənd Opera və Balet Teatrında tamaşaya qoyulub.