Muzey Mərkəzində I Avropa Oyunlarına həsr olunmuş daha bir sərgi

İyunun 19-da Muzey Mərkəzinin qalereyasında "Kofe rəngi" adlı sərgi açılacaq. "Coffee planet" şirkətinin sponsor dəstəyi ilə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin bu böyük art-layihəsi I Avropa Oyunlarına həsr edilib.
Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklalar daxildir. Qalereyanın ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilib.
Vernisajda həmçinin yaradıcılığı artıq tamaşaçılara yaxşı tanış olan bakılı dizayner Nadya Taziyevanın geyim nümayişi təşkil olunacaq. Sərgi çərçivəsində qəhvə maşınlarının yeni modelləri nümayiş olunacaq. Vernisajda hazır məhsulun dequstasiyası ilə təbii qəhvənin müxtəlif növlərinin təqdimatı keçiriləcək.
Beləliklə, qəhvəyə həsr olunmuş sərgi bu günlərdə Muzey Mərkəzində nümayiş olunan digər ekspozisiya - məşhur şokolad ustası Nikolay Popovun müəllif layihəsi “Şokolad muzeyi”nin səyyar sərgisi ilə bir məkanda yer alacaq. Sərgi 30 iyun tarixinədək davam edəcək.