“The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsi dərc olunub. Müsahibədə Bakıda keçirilən I Avropa Oyunlarının turizmə təsiri, beynəlxalq əməkdaşlıq, Azərbaycanda inkişaf etmiş turizm infrastrukturu, turizm sektorunun geniş imkanlarından söhbət açılır.
Nazir I Avropa Oyunlarının Azərbaycana turizm axınına yüksək təsir göstərəcəyini bildirib, ölkəmizin bütün sahələr üzrə inkişafında Oyunların əhəmiyyətindən danışıb. Son illər Bakıda “Four Seasons”, “JW Marriott Absheron”, “Jumeriah Bilgah Beach”, “Fairmont”, “Hilton Baku”, “Kempinski Hotel Badamdar” kimi brend hotellərin yaradılmasının turizm sənayesinə beynəlxalq təcrübə, menecment sistemi və yüksək standartları gətirdiyi xüsusi vurğulanıb. Nazirliyin beynəlxalq əməkdaşlıq münasibətlərindən bəhs edən Əbülfəs Qarayev müxtəlif ölkələr, eləcə də Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əlaqələrin informasiya mübadiləsi və beynəlxalq təcrübənin tətbiqində vacibliyini qeyd edib.
Müsahibədə “Şahdağ” Turizm Mərkəzinin və “Tufandağ” Qış-Yay Turizm Kompleksinin Azərbaycanda qış turizm infrastrukturunun inkişafında mühüm rolu diqqətə çatdırılıb.
Nazir bildirib ki, CNN, Euronews və dünyanın digər aparıcı telekanalları vasitəsilə Azərbaycanın qış və yay turizm potensialının fəal təbliğatı aparılır. Həmçinin ölkəmizdə işgüzar turizm, mədəni turizm, sağlamlıq turizmi növlərinin geniş imkanlarının olduğu vurğulanır.