Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» pyesi əsasında eyniadlı yeni tamaşa üzərində yaradıcılıq prosesi başlayıb. Səhnə əsəri teatrın rejissoru, Xalq artisti Vaqif Əsədovun quruluşunda hazırlanır. Tamaşanın musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. Rejissor assistentləri Sona Mustafayeva və Elnur Kərimovdur. Yeni səhnə əsərində əsas rolları Əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov və başqaları ifa edəcəklər.
Tamaşanın premyerası teatrın 84-cü mövsümünün ilk günlərində - sentyabrın 20-nə nəzərdə tutulub. Qeyd edək ki, “Məhv olmuş gündəliklər” əsəri 2002-ci ildə teatrın rus bölməsində hazırlanıb. Kollektiv bu tamaşa ilə Rusiyada (Moskva vilayəti) da çıxış etmiş, əsər teatr mütəxəssisləri və tamaşaçıları tərəfindən maraqla qarşılanmışdı.
Gülər