Gürcüstan Akademik Dram Teatrı Bakıda qastroldadır
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı dünya teatrları ilə əməkdaşlığın gücəndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatr bir sıra beynəlxalq layihələr gerçəkləşdirəcək. Bu layihələrdən biri Milli Dram Teatrı ilə K.Marcanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı arasındakı əməkdaşlıq layihəsidir. Mayın 19-da gürcü teatrı Bakıya qastrol səfərinə gəlib.
   Teatr mayın 19-da Milli Dram Teatrında «Moruq» tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Levan Tsuladzedir. Rejissor tamaşanı yaponiyalı rejissor, aktyor və ssenarist Koki Mitaninin «Gülüş akademiyası» ssenarisi əsasında hazırlayıb. Tamaşada iki aktyor - Neo rolunda Nato Murvanidze, Tsubaki rolunda isə Nika Kuçava iştirak edir.
   Tamaşadan öncə qonaqların iştirakı ilə mətbuat konfransı oldu. Mətbuat konfransında çıxış edən teatrın direktoru İsrafil İsrafilov gürcü teatrı ilə əməkdaşlığın ölkəmizdə teatr sahəsində aparılan islahatların nəticəsi olduğunu vurğuladı: “Aparılan islahatlar qarşımıza yeni vəzifələr qoyur. Avropa teatr məkanına daxil olmaq, Azərbaycan teatrını təbliğ etmək  qarşımızda duran əsas məsələdir. Yaxın qonşumuz Gürcüstanla mədəni əlaqələrə xüsusi yer ayırırıq. İki teatr arasında qarşılıqlı qastrol, birgə tamaşaların hazırlanması, hətta texniki işçilər arasında əlaqələr qurulur. Gürcüstan Dövlət Akademik Dram Teatrının Bakıda çıxış etməsi böyük hadisədir».
   Gürcüstan teatrının bədii rəhbəri və rejissoru Levan Tsuladze bildirdi ki, Akademik Milli Dram Teatrında çıxış etmək onlar üçün çox maraqlıdır. Qarşılıqlı əlaqə aktyorların da diqqətini çox çəkir və onları çox həvəsləndirir. Rejissor Azərbaycanda səhnəyə qoyacağı tamaşa haqqında da məlumat verərək bildirdi ki, ilk olaraq «Don Juan, yaxud həndəsəyə məhəbbət» tamaşasını hazırlayacaq. Bunun ardınca isə Azərbaycan klassiklərindən birinə müraciət edəcəyik.
   «Moruq» tamaşasının ifaçıları N.Murvanidze və N.Kuçava isə bildirdilər ki, Bakı səhnəsində çıxış etmək onlar üçün çox maraqlıdır. Tamaşa zamanı əsərin subtitrlə tərcümə olunması isə onların üzərinə daha böyük vəzifə qoyur.
   Qeyd edək ki, bu gün (20 may) gürcü teatrı Azərbaycan sənətsevərlərinə daha bir tamaşanı - görkəmli ingilis yazıçısı Bernard Şounun «Piqmalion» əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.
   Əldə olunan razılığa görə, mayın sonunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da iki tamaşa isə Tbilisidə çıxış edəcək.   

 Gülər