Burada uşaqların yaradıcılıq fəaliyyəti üçün geniş imkanlar olacaq
   
   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin həyata keçirdiyi yeni layihələrdən biri də “Uşaq muzeyi” şöbəsinin yaradılmasıdır. Burada balacaların iştirakı ilə müxtəlif yaradıcılıq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə ilk addım atılıb, muzeydə “Uşaq teatrı” fəaliyyətə başlayıb. «Uşaq muzeyi» şöbəsinin müdiri Gülşən Hüseynova layihə barədə və gələcəkdə həyata keçiriləcək işlər haqqında danışdı: 
       
   - Uşaq muzeyi milli-mədəni irsimizin, qədim adət-ənənələrimizin balacalara daha geniş şəkildə aşılanması, onların bu barədə biliklərini daha da zənginləşdirmək məqsədilə yaradılıb. Hazırda dünyada 400-ə qədər uşaq muzeyi fəaliyyət göstərir. Onların bir qismi ayrı-ayrı muzeylərin nəzdində təşkil olunub və müxtəlif sahələri - dekorativ-tətbiqi sənət, təsviri sənət və s. əhatə edir. Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində yaradılan Uşaq muzeyi bir neçə bölmədən ibarət olacaq: uşaq teatrı, virtual təhsil, interaktiv emalatxanalar və s. Eyni zamanda, uşaqlarda elmi-tədqiqata marağı təşviq etmək üçün kiçik akademiyanın yaradılmasını da nəzərdə tutmuşuq. Bütün bu layihələr Xalça Muzeyi yeni binaya keçəndən sonra geniş şəkildə həyata keçiriləcək. Onu da deyim ki, “Uşaq muzeyi”ni yaratmazdan öncə Bakı məktəbliləri arasında sorğular keçirmişik və onlar bu barədə olduqca maraqlı ideyalar irəli sürüblər. Bu ideyaların çoxunu nəzərə alacağıq. Xalça muzeyinin yeni binasında 4-cü mərtəbənin yarısı tamamən uşaqların ixtiyarında olacaq. Orada heykəltəraşlıq, qrafika, xalça sənəti, hətta uşaqların istəyi ilə animasiya studiyasının açılmasını da nəzərdə tutmuşuq. Uşaq muzeyində kitabxana da olacaq.
   - Uşaq teatrının fəaliyyəti, balaca aktyorların qəbulu və s. necə aparılır?
   - Uşaq teatrının adını hələlik qeyri-rəsmi «Vərni» qoymuşuq. Teatra qəbul əsasən muzeyə ekskursiyaya gələn uşaqlar arasında sorğular əsasında aparılıb. Balaca aktyorlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, 160 və 7 nömrəli məktəbin şagirdlərindən ibarətdir. Onların aktyorluq və musiqi qabiliyyəti nəzərə alınıb. Uşaq teatrına rəhbərlik edən Maisə Əzizova peşəkar pianoçudur. Tamaşaların mahnılarının müəllifi də özüdür. Teatr artıq «Tıq-tıq xanım”, həmçinin ekoloji mövzuda «Əlbir olaq» tamaşasını təhvil verib. «Əlbir olaq» tamaşası xüsusilə böyük maraq doğurdu. 132-134 saylı məktəblərin Gənc Xəzərçilər Klubu da həmin tamaşanı öz məktəblərində «Təbiətdən ilmələrə» tədbirində nümayiş etdirdilər. Bununla yanaşı «Meyvələrin bəhsi», «Vərni» tamaşalarının premyerasını keçirmişik. «Qırmızıpapaq» tamaşasını hazırlayacağıq. Uşaqların arzusu ilə tamaşaları tək Azərbaycan dilində deyil, xarici dillərdə də təqdim edəcəyik. Hazırda «Qızıl balıq» nağılı üzərində iş gedir. Növbəti premyeramız bu tamaşa olacaq.
   Tamaşaları öz qüvvəmizlə hazırlayırıq. Rejissor işi, musiqi aranjerovkası Maisə xanımın öhdəsindədir. Hələlik teatr kollektivimizdə 15 nəfər var.
   - Aparılan araşdırma və sorğular göstərir ki, uşaqların çoxu yaradıcılıq mərkəzlərinin, uşaqlar üçün digər bənzər qurumların fəaliyyəti barədə məlumatsızdırlar. Siz Uşaq muzeyinin, uşaq teatrının təbliği və tanıdılması işini necə görürsünüz?
   - Obyektiv yanaşsaq deyə bilərəm ki, uşaqların teatra, muzeyə həvəsi böyüklərinkindən çoxdur. Muzeyə gələn uşaqlarla söhbətlər aparırıq. Məlum olur ki, onların əksəriyyətinin “Uşaq muzeyi”nə maraqları var. Hətta burada özlərinin nə işlə məşğul ola biləcəklərini görürlər. Bəziləri dekorçu, bəziləri əlbisələrin hazırlanmasında iştirak etmək istədiklərini bildirirlər. Əsas məsələ valideynlərlə bağlıdır. Əksər valideynlərin uşaqlarını mədəniyyət ocaqlarına, muzeylərə gətirməyə həvəsləri yoxdur. Onu da qeyd edim ki, 18 may - Beynəlxalq muzeylər günü ərəfəsində Şirvan şəhərindən bir qrup məktəbli müəllimləri ilə birgə Xalça Muzeyini ziyarət etməyə gəldilər. Bu çox gözəl haldır. Bölgələrdən paytaxtdakı muzeylərə belə səfərlər tez-tez təşkil edilməlidir. Bu gün Bakının özündə də məktəblərin muzeylərimizə diqqət-marağı yetərincə deyil. Bizim muzeydə uşaqlar üçün bilet çox ucuzdur. Heç olmasa ayda bir dəfə uşaqlar gələ bilərlər. Sadəcə valideynlər bu barədə düşünməlidirlər.
   - Yeni binaya köçdükdən sonra «Vərni» uşaq teatrı daimi repertuarla işləyəcək?
   - Biz təkcə muzeydə tamaşalar verməyəcəyik. Bizim səyyar tamaşalarımız da çox olacaq. Uşaq evlərinin tez-tez qonağı olacağıq, uşaq bağçalarına gedəcəyik. Dəstəyə ehtiyacımız var, amma hələ ki, öz qüvvəmizlə işləri görürük. Ancaq bilirik ki, yeni binada avadanlıqların təchizatı olacaq. Orada dünya muzeylərində mövcud olan müasir texnologiyalarla təmin olunacağıq. Bu da təbiidir. Yəqin uşaq teatrımızın avtobusu da olacaq. Ölkə prezidentimizin qərarı ilə paytaxtımızda Xalça Muzeyi üçün belə möhtəşəm bina inşa olunursa, onun təchizatı da dünya standartlarına cavab verən səviyyədə olacaq. Biz sadəcə valideynlərə uşaqlarını uşaq muzeyinə cəlb etməyi arzulayırıq. Burada onları çox maraqlı oyunlar, uşaqların istədikləri şərait gözləyəcək. Uşaq vokal qrupu da yaratmaq niyyətimiz var. Gələcəkdə rəqs ansamblımız olacaq. Uşaq muzeyinin bir fərqi də ondadır ki, digər sənət ocaqları yayda üç ay istirahət edirlərsə, bizdə məşğələlər ilboyu davam edir. Artıq xeyli müraciətlər var.
   - Xalça Muzeyinin ziyarətçiləri arasında hansı yaş qrupuna aid insanlar üstünlük təşkil edir?
   - Muzeyə ən çox bağça uşaqları və 7-ci sinfə qədər olan məktəblilər gəlir. Uşaqların təəssüratları da maraqlıdır. Onların yazdıqları fikirləri diqqətdən keçiririk. Bəziləri Xalça Muzeyində klassik, rok, caz musiqisini dinləmək istədiyini bildirir. Əcnəbilər isə muzeyə müntəzəm gəlirlər. Xalça Muzeyi tək uşaqlar üçün deyil, bütün yaş qruplarına aid olanlar üçün proqramlar hazırlayır.
   
   Gülər Nizamiqızı