Dövlət Akademik Milli Dram Teatrının Gürcüstana səfəri bir daha sübut etdi ki, Azərbaycan teatrı istənilən səhnədə öz sözünü deməyə qadirdir
Dünyadakı bütün insanlar teatrı sevir. Ona görə ki, səhnə həyatın bir parçasıdır. Burda həm gülən, həm ağlayan adamlar var. Gürcüstan tamaşaçıları Azərbaycan sənətçilərinin ifasında Qarabağ dərdimizdən bəhs edən “Xəcalət”ə baxıb ağladılar, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”a isə baxıb doyunca güldülər. Nəticədə bir xalqın dünəni və bu günü, mədəniyyəti, arzu və istəyi, dərdləri barədə dolğun məlumat əldə etdilər.
Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, mayın 30-31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstanda qastrol səfərində oldu. Səfər zəngin təəssüratlarla yadda qaldı.
...Tiflis Qafqazın qədim mədəniyyət beşiklərindən biri olmaqla yanaşı, həm də təbiəti ilə sirli məkan imicini günümüzəcən qoruyub saxlayıb. Bu məkanda qədimliklə müasirlik, təbiətlə urbanizasiya qaynayıb-qarışıb, yüzillik ağaclar, köhnə tikililər, daş yollar və bir də şəhərin içindən axıb keçən Kür çayı bitkin kompozisiya yaradıb. Tiflisin gözəlliyi də dağın, çayın, şəhərin bir arada olmasındadır.
Bu gün yolunu Tiflisdən salan hər kəs gözəl məkanlarla qarşılaşa bilər. Belə məkanlardan biri də Heydər Əliyev adına prospektdə yerləşən və qoca şəhərə xüsusi gözəllik verən Heydər Əliyev parkıdır.
Mayın 31-də Azərbaycan nümayəndə heyəti Heydər Əliyev parkına gedərək ümummilli liderin xatirəsini tər çiçəklərlə yad etdilər. Gül-çiçəyə qərq olmuş parkda Heydər Əliyevin əzəmətli heykəli ucalır. Şəhər sakinlərinin burada istirahəti üçün gözəl şərait yaradılıb.
31 may 2011-ci il. Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası oynanılacaq. Bu əsər səhnəmizin ən uzunömürlü tamaşalarından biridir. 138 ildir ki, Lənkəran xanının vəzirinin sərgüzəştləri insanları güldürür.
Zal ağzınacan doludur. Pərdələr açılır, səhnədə baş verənlər tamaşaçıları indiki zamandan qoparıb keçmişə aparır.
Akademik Milli Dram Teatrının kollektivinin yüksək peşəkarlığı, oyun tərzi dəfələrlə ayaq üstündə alqışlanır.
Teatra fərqli münasibəti, baxışı ilə seçilən gürcü tamaşaçılarının üzündəki məmnun ifadə, gözlərindəki sevinc, xoş sözlər Azərbaycan teatrına ünvanlanıb.
Əsil sənətin sərhədsiz olması, hansı dildə olmasından asılı olmayaraq başa düşülməsi, sevilməsi bu səfərdə də açıq-aydın hiss olunur. Xatırladaq ki, hər iki tamaşa doğma dilimizdə oynanılsa da, subtitrlə tamaşaçılara təqdim olunurdu.
İstər “Xəcalət”, istərsə də “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşaları həm gürcülərin, həm Gürcüstanda yaşayan azərbaycanlıların yaddaşında, yəqin ki, hələ uzun müddət xoş bir xatirəyə çevriləcək.
Tamaşada hökm verən rejissor, dünyada hökm verən zamandır.
Vaxt bitir, yollar Vətənə dönür...
“Doğrusu,
belə qarşılanacağımızı
gözləmirdim”
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruzovdan xahiş edirik ki, səfər təəssüratlarını bizimlə bölüşün:
- Biz 1984-1985-ci illərdə Gürcüstanda qastrol səfərində olmuşuq. O vaxt sənətə yenicə qədəm qoyan gənc aktyorlar idik. Üstündən uzun illər keçməsinə baxmayaraq deməliyəm ki, o səfər bizim teatrda formalaşmağımıza bir təkan verdi.
Sonralar məlum hadisələr baş verdi, respublikalar arasında mədəni əlaqələr zəiflədi. Uzun illər keçəndən sonra, nəhayət ki, teatrımızın rəhbərliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu əlaqələr bərpa olundu və biz Hüseynbala Mirələmovun müasir dərdimizdən, müasir həyatımızdan bəhs edən “Xəcalət” və milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri ilə Gürcüstana səfər etdik.
Doğrusunu deyim ki, belə qarşılanacağımızı gözləmirdim. “Xəcalət” Qarabağ dərdimizdən bəhs edən bir tamaşadır. Ancaq ayrı-ayrı xalqlar olsaq da, dərdlərimiz, qayğılarımız demək olar ki, bir-birinə oxşayır. Tamaşadan sonra insanların göz yaşı içində gəlib bizimlə görüşmələri, “sağ olun” demələri, həmişə olduğu kimi, Azərbaycan teatrının, aktyor məktəbinin böyük ustalığından xəbər verirdi. Tamaşaçılar etiraf edirdilər ki, 20-30 dəqiqədən sonra subtitrlərə baxmırdıq, sadəcə aktyorların səhnədə necə oynamasına, obrazları necə yaratmalarına baxırdıq.
Başqa ölkədə, başqa millətin qarşısında çıxış etməyimizi o qədər də hiss etmədim. Gürcüstanda yaşayan soydaşlarımıza da çox xoş oldu ki, televiziyada, ekranda gördükləri aktyorları daha yaxından görmək imkanı qazandılar.
“Səfər çox uğurlu keçdi”
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzovadan səfərin yekunu barədə təəssüratlarını bölüşməyi xahiş etdik.
- Səfərin belə uğurlu alınması doğrudan da böyük nailiyyətdir. İki Qafqaz ölkəsi arasında mədəni əlaqələrinin bərpası istiqamətində atılan addım təbii ki, qarşılıqlıdır. Mayın 19-21-də Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrı böyük bir truppa ilə Azərbaycanda oldu, Akademik Milli Dram Teatrının səhnəsində iki maraqlı tamaşa ilə çıxış etdi. Onların çıxışı böyük marağa səbəb oldu, qonaqlar Bakının görməli yerləri ilə tanış olmaq imkanı qazandılar. Biz də Tiflisə gələndə, onların Bakı səfərindən necə razı qaldıqlarını hiss etdik. Bakının necə gözəlləşdiyini, insanların dəyişdiyini, Akademik Milli Dram Teatrının müasir tələblərə cavab verməsi onlarda xoş təəssürat yaratmışdı.
K.Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrı bizim teatrla sıx əməkdaşlıq etməyə hazırlaşır. Bu teatrın bədii rəhbəri Levan Suladze Azərbaycana gələcək və Akademik Milli Dram Teatrında müştərək şəkildə Hüseyn Cavidin “Şeyx Sənan” əsərini tamaşaya hazırlayacaq. Artıq bu bir ənənəyə çevrilib. Bu yaxınlarda gürcü rejissoru Qoçe Kapanadze A.Saqarelinin “Xanuma” əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoydu. Həmin tamaşa barədə Gürcüstanda çox maraqlı, xoş sözlər söylənildi. Qoçe Kapanadze eyni zamanda Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəridir. Bu müştərək mədəniyyət mübadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, mədəniyyətlərimizi bir-birinə daha da tanıtdırır.
Onu da qeyd etmək istərdim ki, Gürcüstana iki müxtəlif janrlı tamaşa ilə qastrola getməyimiz maraqla qarşılandı, hər iki tamaşa çox bəyənildi. Hətta onlar “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini bizdən istədilər, biz də Mirzə Fətəli Axundzadənin 6 komediyasının rus dilində nəşrini onlara hədiyyə etdik.
Qafqaz teatrları içində gürcü teatrının öz ənənəsi var. Hər birimiz şahid olduq ki, onlar bizim teatrı necə yüksək qiymətləndirdilər, sənətkarlarımızın ünvanına necə xoş sözlər söylədilər. Əminliklə deyə bilərik ki, səfər çox uğurlu keçdi.
Dövlət Akademik Milli Dram Teatrının Gürcüstan səfəri bir daha sübut etdi ki, Azərbaycan teatrı istənilən səhnədə öz sözünü deməyə, qədim ənənələri, yüksək peşəkarlığı ilə teatrı insanlara sevdirməyə qadirdir.
Təranə Vahidqızı,
Bakı-Tbilisi-Bakı