Sentyabrın 19-da Üzeyir Hacıbəyli adına beynəlxalq festival çərçivəsində Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin tamaşası olacaq. Tamaşanı Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppası təqdim edəcək.
   “Eşq və ölüm” baletini ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov səhnələşdirib. Balet məşhur “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınıb, həyat və ölüm, məhəbbət, dostluq, xəyanət kimi əbədi mövzulardan bəhs edir.
   Tamaşanın Bakı premyerası böyük uğurla keçmiş və həmin ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası əsəri Sankt-Peterburq Akademik Opera və Balet Teatrında (Marinski teatrı), daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirmişdi.
   İstedadlı xoreoqraf Nadejda Malıginanın təşəbbüsü ilə 2010-cu ildə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. Bu il Yekaterinburq teatrı tamaşanı Moskvada Böyük Teatrın səhnəsində və Ankarada nümayiş etdirib. “Eşq və ölüm” baletinin Yekaterinburq Opera və Balet Teatrının truppası tərəfindən Bakıda nümayişi, heç şübhəsiz, geniş tamaşaçı auditoriyası toplayaraq ölkəmizin və Rusiyanın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.