Artıq ikinci dəfədir ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə “Yeni Teatr” adlı respublika festivalı keçirir. İlk dəfə 2009-cu ildə Gəncə şəhərində keçirilən festivala bu dəfə iyunun 21-dən 27-dək Lənkəran ev sahibliyi edəcək. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunan budəfəki festivalda 12 dövlət teatrı və Bakı Bələdiyyə Teatrı iştirak edəcək.
   İyun ayının əsas mədəniyyət hadisələrindən biri olacaq “Yeni Teatr” II Respublika Festivalı barədə ətraflı məlumat əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzovaya müraciət etdik. Həmsöhbətimiz bildirdi ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən, 2009-cu ildən başlayaraq hər iki ildən bir ölkəmizdə fəaliyyət göstərən teatrlar arasında respublika festivalı keçirilir. İlk dəfə Gəncədə keçirilən festivalda respublikanın 27 dövlət teatrından 14-ü iştirak edib.
   Lənkəranda keçiriləcək ikinci “Yeni Teatr” festivalında 12 dövlət teatrı - Lənkəran Dövlət Dram Teatrı, Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Yuğ Dövlət Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Pantomima Teatrı, Gəncə Dövlət Dram Teatrı və Bakı Bələdiyyə Teatrı iştirak edəcək.
   Festivalın açılışı iyunun 21-i saat 12-də Lənkəran Dram Teatrının qarşısında olacaq. Sonra iştirakçılar Lənkəran Dövlət Dram Teatrının foyesində milli teatr tarixindən bəhs edən sərgiyə tamaşa edəcəklər. Sərginin təşkilatçısı Dövlət Teatr Muzeyidir. Festivalın rəsmi açılışından sonra isə Lənkəran Dram Teatrı ev sahibi kimi festivalın proqramına uyğun olaraq repertuarından maraqlı bir tamaşanı nümayiş etdirəcək. Sonrakı günlərdə proqrama uyğun olaraq digər teatrlar tamaşalarını təqdim edəcəklər.
   Vəfa Novruzova onu da bildirdi ki, festivalın keçirilməsinin əsas məqsədi regionlarda mədəniyyətin daha da inkişaf etməsinə təkan vermək, regionlarda fəaliyyət göstərən teatrların fəaliyyətini bu festival vasitəsi ilə nümayiş etdirmək, teatrlar arasında yaradıcılıq əlaqələrini möhkəmləndirmək, sənət mübadiləsinə şərait yaratmaq, eyni zamanda regionda yaşayan və başqa teatrların tamaşalarını izləməyə imkanı olmayan tamaşaçılara tamaşalara baxmaq imkanı yaratmaqdır.
   
   Təranə