“Koroğlunun Çənlibelə qayıdışı”    

  Naxçıvan Musiqili Dram Teatrı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Bakıda tamaşa təqdim etdi
   
   İyunun 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Bakıya qastrol səfərinə gəlib. Kollektiv 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Koroğlunun Çənlibelə qayıdışı” tamaşası ilə çıxış etdi.
   Tamaşadan öncə əsərin müəllifi, filologiya elmləri doktoru, professor Adil Babayev əsərin yazılma tarixindən danışdı: “Bu əsər ümummilli lider Heydər Əliyevə həsr olunub. 1993-cü ildə “Koroğlunu Çənlibelə qoymurlar” adlı hekayəni qələmə aldım. Sonra qərara gəldim ki, bu əsəri daha da genişləndirim. Beləcə 1997-ci ildə “Koroğlunun Çənlibelə qayıdışı” pyesi ərsəyə gəldi”.
   Müəllif vurğuladı ki, pyes Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurlu səhnə təcəssümünü tapıb: “Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətləri var. Naxçıvan torpağı ona həmişə əziz olub. Mən çox istəyirdim ki, bu pyes Naxçıvan teatrının səhnəsində oynanılsın. Sevinirəm ki, bu gün əsər Naxçıvan teatrı kollektivinin ifasında paytaxt səhnəsində oynanılır”.
   Sonra tamaşa təqdim olundu. Qeyd edək ki, Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərində xalq qəhrəmanı Koroğlu ilə ümummilli lider Heydər Əliyevin mübarizəsi və idealları məharətlə uzlaşdırılıb.
   Tamaşanın quruluşçu rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Axundovdur. Rolları xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Şirzad Abutalıbov, əməkdar artistlər Elmira Kərimova, Əli Hüseynov və başqaları ifa etdilər.
   
   Ceyhun