Əminə Musayeva: “Gözəl rəqs etmək üçün musiqini duymaq lazımdır”
   
   Bu gün ölkəmizdəki bir sıra mədəniyyət müəssisələrinin nəzdində uşaq yaradıcılıq studiyaları, uşaq teatrları fəaliyyət göstərir. Müəyyən çətinliklər olmasına baxmayaraq bu yaradıcı kollektivlər respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla çıxış edir, Azərbaycanı xarici ölkələrdə təmsil edirlər.
   
   11 ildir fəaliyyət göstərən «Təbəssüm» uşaq teatrı da ötən müddətdə bir sıra uğurlara imza atıb. Bu gün musiqi, incəsənət sahəsində tanınan bir sıra gənc sənətçilər yaradıcılıq yolunda ilk addımlarını burada atıblar. “Təbəssüm” hazırda Musiqili Komediya Teatrının nəzdindəki yaradıcılıq studiyasının tərkibində fəaliyyət göstərir. Teatrın rəhbəri Əminə Musayeva yaradıcı kollektivin fəaliyyətindən söhbət açdı:
   - 11 il ərzində «Təbəssüm» 20-dək beynəlxalq uşaq festivalında iştirak edib. Türkiyə, Türkmənistan, Almaniya, ABŞ, Ukrayna və başqa ölkələrdə dəfələrlə uğurla çıxış etmişik. Ötən müddətdə teatrda 20 musiqili tamaşa hazırlanıb. Bu tamaşalarda uşaqlar aktyorluq qabiliyyəti ilə yanaşı, mahnı oxuyurlar, rəqs edirlər. 13 klipimiz var, bu kliplər telekanallarda nümayiş olunur. Onu deyim ki, bu illərdə bəstəkar Eldar Mənsurov bizə çox kömək olub. Bizim üçün çoxsaylı mahnılar bəstələyib və təmənnasız olaraq bizə təqdim edib. Mən bu işə başlayanda Eldar Mənsurov bildirdi ki, məmnuniyyətlə bizim üçün mahnılar yazar.
   Artıq bizim uşaqlar tanınırlar, müxtəlif mahnı müsabiqələrində qalib gələnləri var. «Təbəssüm» uşaq teatrına hər il ən azı 120 uşaq daxil olur. 11 il ərzində görün nə qədər uşaqlarımız olub. «Təbəssüm» uşaqları professional səhnəyə hazırlaşdırır. Biz də onları peşəkar səhnədə görəndə qürur duyuruq.
   - Uşaqları neçə yaşından qəbul edirsiniz?
   - Uşaqlar çox kiçik yaşda «Təbəssüm»ə gəlirlər. Onları 4 yaşından qəbul edirik. Sözsüz ki, bu yaşda uşaq özünü tam göstərə bilmir. Bəzən elə olur ki, uşağın musiqi duyumu zəif olur. Biz bunu valideynlərə də başa salırıq. Musiqini duymayan uşaq gözəl rəqs edə bilməz. Əgər uşağın qabiliyyəti yoxdursa, bunu bəri başdan valideynə açıq deyirik, sonra başqa söz-söhbət olmasın.
   Eyni zamanda çox bacarıqlı, istedadlı uşaqlar da gəlir. Onlar burada çox şey öyrənirlər. Uşaqlarla çalışmaq ayrı bir aləmdir. Mən özüm vaxtilə «Cücələrim» ansamblında oynamışam. Orda çox şey öyrəndim. Sonra Tibb İnstitutunda uşaq həkimliyini oxudum. Mənim bütün həyatım uşaqlarla bağlıdır. Uşaqlarla işləyirsənsə, gərək onlara tam bağlı olasan.
   - «Təbəssüm» teatrında uşaqlarla çalışmaq üçün kadrlar necə cəlb olunur?
   - Teatrda Xoreoqrafiya Məktəbini bitirən professional müəllimlər çalışır. Həmçinin Mədəniyyət və İncəsənət Universitetini bitirən məzunlar az deyil. Biz teatra uşağın dilini bilən, uşaqlarla çalışmaq səriştəsi olanları işə cəlb edirik. Xoreoqrafiya Məktəbini bitirən, «Cücələrim» ansamblında oynayan Cəbi Rzayevin adını çəkə bilərəm. İndi o, «Cəngi» ansamblında çıxış edir. Gözəl rəqqas, müəllim, insandır. Uşaqlar onu görəndə özlərində məsuliyyət hiss edirlər. Adətən oğlan uşaqları az maraq göstərirlər. Amma Cəbi Rzayev uşaqlarla necə həvəslə işləyirsə, teatrda 52 oğlan var. Ümumilikdə uşaqlarımızın sayı 132 nəfərdir.
   - Tez-tez müxtəlif ölkələrdə keçirilən festivallara dəvət alırsınız. Bu yaxınlarda Kiyevdə keçirilən «Günəşli şabalıd» beynəlxalq xeyriyyə festivalı nə ilə yadda qaldı?
   - Ukraynada keçirilən festivala müxtəlif ölkələrdən uşaq kollektivləri qatılmışdı. Biz orada uğurla çıxış etdik. Festivalda 10 milli Azərbaycan rəqsi - «Naz eləmə», «İnnabı», «Turacı», «Tərəkəmə», «Naxçıvani», «Yallı» və digərlərini oynadıq. Ukraynanın Mədəniyyət Nazirliyi yüksək professionallıq göstərdiyimizə görə festivalın əsas diplomunu bizə təqdim etdi. Festivalda ümumiliklə 5 diplom aldıq. Ukrayna Dövlət Rəqs Ansamblı, Ukrayna Xoreoqrafiya Şurası da bizi mükafatlandırdı. Kiyev şəhər meri tərəfindən də diplomla təltif olunduq. Bu mükafatların hamısını bir festivalda qazanmaq böyük uğurdur.
   Ümumiyyətlə, bu günə kimi bir çox festivallarda uğurlu iştirakımıza görə təltif olunmuşuq. Ukraynada «Dünyanı yaxşılığa doğru dəyişək» beynəlxalq uşaq festivalında qızıl medal almışdıq. Eldar Mənsurov tərəfindən bəstələnən «Dünyanı yaxşılığa doğru dəyişək» mahnısı bu festivalın himni elan edildi və buna görə xüsusilə mükafatlandırıldıq. Türkmənistanda beynəlxalq “Qızıl əsr” festivalında da bizi mükafatlandırmışdılar. Türkiyədə hər il festivallarda iştirak edirik, Türkiyə Böyük Millət Məclisindən tutmuş, digər qurumlara qədər mükafatlar almışıq. Təbii ki, Azərbaycanda da keçirilən bir çox festivallarda diplomlarla təltif olunmuşuq.
   - Bu gün bir sıra sənətkarlar uşaqların milli deyil, əcnəbi rəqslərə, o cümlədən oriyental rəqslərə meyllənməsindən narahatlıq ifadə edirlər. «Təbəssüm»ə müraciət edən valideynlər arasında uşaqlarına belə rəqslər öyrədilməsini istəyənlər olurmu?
   - Bəli, olur. Valideyn gəlib deyir ki, mənim qızım oriyental rəqs oynamalıdır. Bizim teatrda dünyanın müxtəlif rəqsləri, o cümlədən ərəb rəqsi də öyrədilir. Uşaqlarımız Azərbaycan və dünya uşaq rəqslərini bilməli, oynamalıdır.
   Təəssüf ki, bəzən valideynlər bunu düzgün başa düşmür. Valideyn bizə gəlib soruşanda ki, siz göbək rəqsi öyrədirsinizmi, mən hər dəfə cavab verirəm ki, biz restoran üçün rəqqasə yetişdirmirik.
   Mən uşaqlarla işlədiyimdən valideynlərin uşaqları tərbiyə istiqamətini çox aydın görürəm. Valideynlər daha çox uşaqları «Macdonalds»a aparmağa üstünlük verirlər. Amma uşağa bir nağıl öyrətməyə tənbəllik edirlər. Yaxşı olardı ki, uşaqları mədəniyyət məkanlarına, teatrlara, muzeylərə daha çox aparsınlar, İçərişəhərdəki abidələri onlara göstərsinlər. Biz öz məhdud imkanlarımız daxilində uşaqlara mədəni tərbiyəni, incəsənətə sevgini aşılamağa çalışırıq. Şəraitimiz daha münasib olsa, bundan da artıq edə bilərik. Daha geniş fəaliyyət maddi dəstək tələb edir.
   Bütün çətinliklərə baxmayaraq biz bu kollektivi yaşadırıq. Qarşıda yeni tədbirlər, layihələr var. Avqust ayında Türkiyəyə səfərimiz olacaq.
   
   Gülər Nizamiqızı