Musiqili Komediya Teatrında mövsümün son tamaşası Elçin Həmidovun xatirəsinə həsr ediləcək
   
   İyunun 29-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası oynanılacaq. Tamaşa Əməkdar artist Elçin Həmidovun (1958-2011) xatirəsinə həsr edilir. Uzun illər bu tamaşada Nəzir obrazını ifa etmiş E.Həmidovun həmin gün 53 yaşı tamam olur. Tamaşadan əvvəl sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə tamaşaçılara E.Həmidovun mənalı ömür yolu və zəngin yaradıcılığı ilə bağlı məlumat verəcək. Tamaşa Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mədəniyyət evində göstəriləcək. Teatrın kollektivi mövsümü bu tamaşa ilə yekunlaşdıracaq.
   Qeyd edək ki, Elçin Həmidov 1983-cü ildən Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. O, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb. Elçin Həmidov bu il martın 4-də vəfat edib.