Polşanın Adam Mitskeviç adına İnstitutun əməkdaşı Qoran İnjak bu günlərdə Bakıda işgüzar səfərdə olub. İnstitutun təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi Azərbaycan teatrı ilə xüsusi tanışlıq və gələcək əməkdaşlıq üçün bazanın yaradılmasından ibarətdir. Q.İnjak Bakıda olduğu müddətdə Azərbaycan teatr prosesi ilə tanış olaraq Dövlət Pantomima Teatrı, Dövlət Rus Dram Teatrı, Yuğ Dövlət Teatrı və digər sənət ocaqlarında tamaşaları izləyib.
   Yuğ teatrının ədəbi hissə müdiri Elçin Cəfərovun verdiyi məlumata görə, Q.İnjak bu teatrda «Mən, Məhəmməd Füzuli» səhnə divanı layihəsi çərçivəsində hazırlanan tamaşaları izləyib və yüksək qiymətləndirib. Qonaq Yuğ teatrının yaradıcılıq metodu, «Psixofos» poetikası, teatr sənətinin çağdaş inkişaf tendensiyaları kimi mövzularda fikir mübadiləsi aparıb. O, həmçinin cari ilin oktyabr ayında Polşanın Krakov şəhərində keçiriləcək teatr xadimlərinin konfransında Azərbaycan teatrları, o cümlədən Yuğ teatrı ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin detallarının müzakirə olunacağını bildirib.
   
   Gülər