Bakı Uşaq Teatrı teatr sahəsində bir yeniliyə imza ataraq “Ailə teatrı” adlı festival keçirməyi planlaşdırır. Sentyabr ayına nəzərdə tutulan tədbir barədə məlumat verən teatrın direktoru İntiqam Soltan layihənin ailələrdə uşaq-valideyn münasibətlərində olan problemlərin aradan qaldırılmasına yardımçı olmaq məqsədilə həyata keçiriləcəyini bildirdi:
  
   “Uşaqlarla birbaşa ünsiyyətdə olduğumuzdan ailələrdə bu sahədə anlaşılmazlıq olduğunu bilirik. Bəzən ata-ana və uşaq arasında münasibətlər düzgün qurulmur. Valideynlər uşaqlara görə aralarında tez-tez mübahisələr edirlər. Bu problemə necə yardım edə bilərik, deyə çox düşündük. Qərara gəldik ki, bu problemlərin çözülməsinə yaradıcı münasibətlə yardım edə bilərik”.
   İ.Soltan onu da bildirdi ki, hazırda “Ailə teatrı” festivalının nizamnaməsi hazırlanır. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciət olunacaq.
   Qeyd edək ki, layihənin koordinatoru teatrın yazarı Arzu Soltandır. Festival iştirakçıları olan ailələr təqdim edəcəkləri kiçik həcmli tamaşalar üçün pyes seçimində sərbəstdirlər. İstədikləri mövzunu istədikləri formada təqdim edə bilərlər. Teatrın yaradıcı heyəti festival iştirakçılarına yardım etməyə hazırdır. Festival iştirakçılarına səhnə dekorasiyası, geyimlərin əldə olunmasında da yardım ediləcək. Sentyabrın əvvəlindən artıq festivalla bağlı elanlar veriləcək və hər bir ailə festivala qatılmaq üçün müraciət edə biləcək.
   Qaliblərə xatirə hədiyyələri təqdim olunacaq.  

   Gülər