Elçin Əzizov: “Hər yeni tamaşa mənə böyük güc verir, ölkəmin musiqi şöhrətini artırmaq iqtidarında olduğuma inanıram”
Rusiyanın məşhur Böyük Teatrının solisti olan həmyerlimiz, bariton Elçin Əzizov musiqi karyerasında böyük uğurlara imza atıb. Bu il onun üçün Rusiya Dövlət Akademik Böyük Teatrında üçüncü mövsüm başa çatıb. Bu müddətdə Elçin Əzizov 40 dəfədən çox Böyük Teatrın səhnəsinə çıxıb, beş operada və bir premyera tamaşasında iştirak edib.
Böyük Teatrda işlədiyi dövrə yekun vuran sənətçi deyib: “Üç ildir ki, teatrın solistiyəm, amma sanki hər şey bu yaxınlarda baş verib”. Müğənni bildirib ki, Böyük Teatrda rol aldığı ilk tamaşa P.İ.Çaykovskinin “İolanta” operası olub. Bu səhnə əsərində mərakeşli həkim İbn-Hakiyənin partiyasını ifa edib: “İolanta”dan sonra J.Bizenin “Karmen” operasında Eskamilyonun partiyasını ifa etdim. Bu partiyanı da əvvəllər Q.Vişnevskaya teatrında oxumuşdum. Böyük Teatrın opera truppasının rəhbəri Makvala Kasraşvili məhz bu partiyanı dinlədikdən sonra məni teatra dəvət etmişdi. 2010-cu ildə Bakıda M.Rostropoviç adına beynəlxalq musiqi festivalı çərçivəsində Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə məhz bu partiyanı ifa etmişəm”.
Müğənni Böyük Teatrın səhnəsində rol aldığı digər operalardan da söz açıb: “Sonra S.Prokofyevin “Üç portağala məhəbbət” operasından Leandın partiyasını ifa etdim. İlk dəfə idi mənfi personaj yaradırdım. Növbəti rolum isə şən və şux bir obraz idi. İohann Ştrausun “Yarasa” operettasında Doktor Falk patriyasını ifa etdim. Beləcə, repertuarımda alman dilində əsər yer aldı. Deməzdim ki, bu mənə asanlıqla başa gəldi. Çoxlu musiqi mətni və dialoq var... Bu əsər mənim üçün əlamətdardır, çünki burada iki azərbaycanlı birdən - mən və Razalinda partiyasını məharətlə ifa etmiş Dinarə Əliyeva iştirak edirdik. Bu mövsümün sonunda daha bir yeni rol aldım. Söhbət P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasında Tomskinin partiyasından gedir. Mürəkkəb partiyadır. Müəllimim, gözəl tenor Badri Maysuradze “Qaratoxmaq qadın”dan sonra dedi ki, bu mənim üçün layiqlidən layiqli nəticədir. Deməli, Böyük Teatrda üçüncü mövsümümü layiqincə başa çatdırdım”.
Elçin Əzizov bildirib ki, Böyük Teatrda işləməklə yanaşı, Rusiyada, eləcə də dünyanın digər ölkələrində çoxlu konsert və tamaşaları olub. P.İ.Çaykovskinin Yevgeni Oneginini Q.Vişnevskaya teatrında və Sankt-Peterburqda Mixaylov Teatrında oxuyub, C.Verdinin “Otello” operasından Yaqonun partiyasını maestro Fedoseyevin müşayiəti ilə ifa edib. 2009-cu ildə Monte-Karloda konsertdə, 2010-cu ildə Varşavada qastrol səfərində, Drezden səhnəsində, Seulda çıxış edib.
Bundan əlavə, müğənni bu ilin mart ayında ilk dəfə Nyu-Yorkda, Everi Fişer Hollda məşhur Linkoln-mərkəzin səhnəsində oxuyub. Aprel və mayda isə Londonda “Kovent Qarden” Kral opera teatrı səhnəsində N.Rimski-Korsakovun “Çar gəlini” operasında iştirak edib.
Gələcək planlarından danışan sənətçi deyib ki, qarşıda onu maraqlı işlər gözləyir, artıq konkret planlar, maraqlı təkliflər var: “Hər dəfə iş cədvəlimə yeni konsert və ya tamaşa daxil edəndə özümü daha inamlı hiss edirəm. Dəyərləndirilməyim mənə böyük güc verir, doğru yolda olduğuma, öz ölkəmin və mənim istedadımı qiymətləndirən ölkənin musiqi şöhrətini artırmaq iqtidarında olduğuma inandırır”.