Tamaşanın premyerası Türkiyədə olacaq
   
   Bu ilin mayında yaradılan “Azərbaycan Gənclər Eksperimental Teatr Studiyası” ilk tamaşasını nümayiş etdirməyə hazırlaşır. 
   Teatr studiyasının ideya müəllifləri “Yuğ” Dövlət Teatrının rejissoru, «Oyun» uşaq teatrının yaradıcısı Rasim Aşın, Azərbaycan Dövlət Televiziyasının və “Kəpəz” TV-nin redaktoru Zəhra Qürbət, AzTV-nin redaktoru Ləman Həsənlidir. Teatr layihəsini yaratmaqda əsas məqsəd kompakt janrda tamaşalar hazırlayıb müasir gənclərin düşüncələrinə təsir etməkdir. Teatr studiyasının ilk tamaşası «Gümüş qəlblər» adlı ikihissəli interaktiv qrotesk komediyadır. Tamaşanın ssenari müəllifləri və aktyorları Zəhra Qürbət və Ləman Həsənli, işıq və musiqi tərtibatçısı Laçın Mehdiyeva, quruluşçu rejissor və koordinatoru Rasim Aşındır.
   Səhnə əsərində iki gənc qızın həyat və yaşam fəlsəfəsindən bəhs edilir. Eyni evdə yaşayıb, eyni şirkətdə çalışan bu iki qızın zaman-zaman üst-üstə düşən və fərqlənən düşüncələri müasir gənc qızlara yönələn bir çağırışdır. Tamaşadakı təzadlı düşüncələr və obrazların daxili sarsıntıları komik boyalarla tamaşaçılara təqdim olunur.
   Türkiyə türkcəsində oynanılacaq «Gümüş qəlblər»in premyerası avqustun 18-də Türkiyənin İzmir şəhərindəki «İzmir Seferihisar Teatr Festivalı»nda təqdim olunacaq. Teatr studiyasının heyəti eyni zamanda İzmirin Dikili dəniz şəhərciyində keçiriləcək «Türkiyə 5-ci Teatrlar Buluşması»na qonaq olacaq. Avqust ayının sonunadək tamaşanın Türkiyənin Manisa şəhərinin müxtəlif rayonlarında nümayişi olacaq. Daha sonra İstanbul, Ankara, Eskişehir və başqa şəhərlərdə, teatr festivallarında oynanılması, həmçinin Azərbaycanda, eləcə də Avropada türk icmaları qarşısında təqdim olunması nəzərdə tutulub.
   
   Gülər