Vaqif Əsədov: “Teatrın vəzifəsi hər hansı problemi həll etmək deyil, onu sadəcə göstərməkdir”
Növbəti teatr mövsümünün açılışına az vaxt qalıb. Hər il olduğu kimi, bu dəfə də teatrlarımız sənətsevərlərlə görüşə yeni tamaşalarla gələcək. Dövlət Gənc Tamaşaçılar Teatrı da 84-cü mövsümündə tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcək. Teatrın yeni mövsümdə təqdim edəcəyi ilk əsər isə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanan tamaşa olacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədovdur.
Vaqif Əsədov 1989-cu ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, sonra isə rejissor kimi çalışıb. 1989-cu ildən Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyət göstərir. Teatrın səhnəsində “Açıl bənövşəm, açıl”, “Mağara”, “Oxu, bülbül”, “Oliver Tvistin macəraları” və s. tamaşalara quruluş verib. “Məhv olmuş gündəliklər” əsəri isə hələ 2002-ci ildə V.Əsədov tərəfindən teatrın rus bölməsində tamaşaya qoyulub. Rejissordan yenidən bu əsərə müraciət etməsinin səbəbini soruşduqda bunları dedi:
- Tamaşanı 2002-ci ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırladıq və o, uzun müddət oynanıldı, bir neçə festivalda uğurla nümayiş olundu. Bu il teatrın rəhbərliyi əsərin Azərbaycan bölməsində tamaşaya qoyulmasını təklif etdi. Təxminən 2-3 ay ərzində tamaşanı hazırladıq. Səhnə əsəri artıq hazırdır və son baxış keçiriləcək.
- 2002-ci ildə hazırladığınız tamaşa ilə bu il hazırladığınız tamaşa arasında fərq varmı?
- Ötən zaman çərçivəsində insanların nə psixologiyasında, nə də həyata münasibətində o qədər də böyük fərq, dəyişiklik görmədiyimə görə tamaşada məqsəd kimi qarşıya qoyulmuş fikri daha da dərinləşdirməyə çalışmışam. Yozum və ya fikir nöqteyi-nəzərindən heç nəyə toxunmadım. Tamaşa oyun üstündə, daha çox teatrın iç dünyası üzərində qurulduğundan cüzi dəyişiklik var. Əsaslı heç nə dəyişməyib.
- “Məhv olmuş gündəliklər” daha çox hansı cəhətləri ilə sizi cəlb edir? Bu əsərdə hansı obraz sizə daha yaxındır?
- İlyas Əfəndiyev dramaturgiyası ilə ilk tanışlığım bu əsərlə olub. Hələ Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi çalışdığım zaman bu tamaşada Qənimət rolunu oynamışam. Əsərdə bir sıra xarakterik obrazlar var. Haqsızlıqla, ədalətsizliklə barışa bilməyən Savalan obrazı, həmçinin Anjel surəti bu qəbildəndir. O da barışmır, təslim olmur. Hər iki obrazı özümə yaxın hesab edirəm. Bu iki obraz alt qatda, gizli qalan nə varsa üzə çıxarır və nəticədə bütün bunlar ətrafdakıların gözünü açır. Burada tək məhəbbət xəttində deyil, həmçinin sosial ədalətsizliklə mübarizədə, vətənpərvərlikdə bu iki obrazın xüsusi yeri var. Bu mübarizlik onlar üçün şüar deyil, yaşam tərzidir. Daha canlı, təbii, səmimi və realdır. Bu da əsərin təsir gücünü artırır. Təbii ki, səhnə əsərinin necə alınmasına qiyməti tamaşaçı verəcək.
- Deməli, son sözü tamaşaçının öhdəsinə buraxırsınız?
- Bu həmişə belə olub, yəni teatrın vəzifəsi hər hansı problemi həll etmək deyil, onu sadəcə göstərməkdir. Həll etmək mümkün olsaydı, ədəbiyyat bunu çoxdan həll edərdi.
- Tamaşada əsas rollara aktyor seçimində çətinliklər olmadı ki?
- Təbii ki, çətin oldu. Hər iki obraz üçün seçilmiş aktyorlar əvvəlcə bu təklifdən çəkindilər. Anjeli oynayan aktrisa obrazla öz arasında böyük fərq olduğunu, Savalan obrazını təklif etdiyimiz aktyor isə bu obrazın özünün yaradıcılıq prosesində ötmüş bir mərhələ olduğunu bildirdi. Buna baxmayaraq həmin aktyorlar sonradan hər iki rola razılaşdılar və hətta etiraf etdilər ki, nə yaxşı roldan imtina etmədilər. Savalan obrazını Şövqi Hüseynov, Anjeli isə Günel Məmmədova ifa edir. Bundan əlavə, tamaşada Rasim Cəfərov (Qənimət), Şəbnəm Hüseynova (Fəridə), Şəfiqə Əliyeva, Nəsibə Eldarova (Ana), Sərvər Əliyev, Rəşad Səfərov (Ədalət) və digər aktyorlar rol alıb.
- Tamaşanın quruluşu nə ilə fərqlənir?
- Bu, “ev teatrı” formasında bir quruluşdur. Səhnədə mübhəm bir atmosfer var. 2002-ci ildə rusca səhnəyə qoyulan tamaşa böyük təsir doğurmuşdu. Hətta o zaman telekanallardan biri tamaşanı efirdə yayımlamışdı. Tamaşanın Azərbaycan variantının necə qəbul ediləcəyi mənə çox maraqlıdır.
- Aktyor seçimindəki çətinlikdən danışdınız. Siz də yaradıcılığa aktyor kimi başlamısınız. Bəs indi necə, hansısa tamaşada oynamaq istərdiniz?
- Bu tamaşada sonda mən də səhnəyə gəlirəm. Burada tamaşa içində bir tamaşa oynanılır və rejissor həmin məşqə gəlmir. Aktyorlar gözləyə-gözləyə özləri məşqə başlayırlar və nəticədə tam fərqli bir tamaşa hasil olur. Sonda rejissor gəlir. Bu rolu özüm ifa edirəm. Əlbəttə, bir çox aktyorlar rejissorluq, rejissorlar da aktyorluq etmək istəyir. Bu iki peşə ayrılmazdır. Mehdi Məmmədov, Adil İsgəndərov, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu və böyük digər sənətkarlar bir çox rollar ifa ediblər. Mən də bir çox televiziya tamaşalarında oynamışam. İndi yaşım elədir ki, təklif olunan obraz mənə yaxın olmalıdır. Təklif olsa, oynayaram.
- Uzun illər teatrda çalışan sənətkar kimi teatrın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Həyatın yazılmamış qanunları, eniş və yüksəlişləri olur. Ölkənin həyatında ümumi inkişaf incəsənətə də öz təsirini göstərir. Mən inanıram ki, zaman gələcək bugünkü və ya sabahkı yaradıcı gəncliyin dünyanı görmə bucağı tamamilə dəyişəcək və o özünün duyduğu, anladığı teatrı yaradacaq. Bu gün istedadlı gənc teatr rejissorları var. Onlara işləmək üçün şərait yaradılır. Gəncləri bölgə teatrlarına göndərirlər. Həmçinin onlar paytaxt teatrlarında tamaşalar qoyurlar. Gəncliyin özünü sınaması, təsdiqi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən geniş imkanlar yaradılır. İnanıram ki, bu gənclər özlərini təsdiq etdikdən sonra Azərbaycan teatrı daha da inkişaf edəcək.
Reyhan İsayeva