Əli Əmirlinin komediyası Qazaxıstanda tamaşaya qoyulur
  
   Qazaxıstanın Akmola vilayətinin Kokçetau şəhərindəki Şahmet Xusainov adına Qazaxıstan Dövlət Musiqili Dram Teatrında Əli Əmirlinin “Varlı qadın” komediyası qazax dilində tamaşaya qoyulub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından verilən məlumata görə, komediyanın quruluşçu rejissoru F.Kanafin bu əsərə müraciət etməsinin səbəbini belə izah edib: “Əli Əmirlinin pyesinin mövzusu puldur. Biz də bunu əsas götürərək tamaşada məhz bu ideyanı qabartmağa çalışmışıq: pul, sərvət əldə etmək üçün hər şeyə hazır olan və bu yolda bir çox insani dəyərləri itirməyə hazır insanların mənəvi yoxsulluğunu göstəririk”.
   Pyesi qazax dilinə Yerbolat Bayat tərcümə edib. Bu tamaşa Qazaxıstan teatrlarının “Varlı qadın”a ikinci müraciətidir. Ötən il ölkənin paytaxtı Astana şəhərində yerləşən M. Qorki adına Rus Dram Teatrı bu əsəri özünün 110 illik yubiley repertuarına daxil etmişdi.